Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə
salınması
məsələsini müzakirə etmək üçün məhkəmə bir neçə iclasa ehtiyac
duyacaq. Bu barədə “İnterpress News”a keçmiş prezidentin vəkili
İlya Lomia məlumat verib.
Lomianın izah etdiyinə görə, ərizəyə baxılması, eləcə də şahidlərin
dindirilməsi ən azı 2 proses tələb edəcək.
“Bildiyiniz kimi, müraciətə baxılması cümə günü saat
13:00-a təyin edilib. Məhkəmə-tibbi ekspertizanın rəyi ilə çıxış
edən şahidləri məhkəməyə təqdim edirik, bunun əsasında Mixeil
Saakaşvilinin cəzasının təxirə salınması və ya azadlığa buraxılması
üçün məhkəməyə vəsatət vermişik. Cümə günü protokol tərtib edəcək
tibb mütəxəssislərini, ekspertləri təqdim edəcəyik, onlar məhkəmə
iclasında dindirilməlidir, onlar bu qənaətə necə gəliblər, izahat
verəcəklər, cəzaçəkmə müəssisəsinin nümayəndələri də izahat
verəcəklər. Bundan sonra hakim qərar verəcək.
Məhkəmədə “Vivamed”in müalicə həkimi də ifadə verəcək. Həmçinin,
bildiyimə görə, dövlət müdafiəçisi öz rəyini məhkəməyə təqdim
etməlidir, Saakaşvilinin səhhəti ilə bağlı qiymət verən Şura
üzvlərindən soruşmaq tamamilə mümkündür. Biz həmçinin uzaqdan
xarici ekspertləri məhkəməyə cəlb etməyə hazır olacağıq. Bütün
bunlar ən azı 2 seans tələb edəcək”, - Lomia
bildirib.
Məlumat üçün bildirək ki, dekabrın 9-da məhkəmə Gürcüstanın sabiq
prezidenti Mixeil Saakaşvilinin vəkillərinin hökmün təxirə
salınması ilə bağlı vəsatətinə baxacaq. Bu məsələ ilə bağlı Tbilisi
şəhər məhkəməsinin hakimi Qiorqi Arevadze qərar verməlidir.