ABŞ Saakaşvilinin işini diqqətlə izləyir – Kelli Deqnan
ABŞ Mixeil Saakaşvilinin işini çox diqqətlə izləyir.

Bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, sabiq Prezidentin sağlamlığının və hüquqlarının qorunmasına, ədalətli məhkəmə keçirilməsinin təmin edilməsinə görə hakimiyyət məsuliyyət daşıyır.

Səfir Gürcüstanın İnsan Haqları üzrə Müvəkkilinin (Ombudsman) Saakaşvilinin hüquqlarının mühafizəsi və vəziyyətinin monitorinqi ilə əlaqədar nümunəvi fəaliyyət göstərdiyini vurğulayıb.

"Ötən həftə Ombudsman aparatının nümayəndərləri Saakaşvilini iki dəfə ziyarət ediblər. Nəticə etibarilə, hökumətin məsuliyyətidir ki, Saakaşvilinin fiziki və psixi sağlamlığı qorunsun, tibbi ehtiyacları ödənilsin və ədalətli məhkəmə də daxil olmaqla hüquqları qorunsun. Biz bu konstitusion öhdəlik və məsuliyyətin təmin olunmasını gözləyirik”, - diplomat bildirib.

Qeyd edək ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili 2021-ci ilin oktyabrından həbsdədir. O, sağlamlığında yaranmış problemlərlə əlaqədar uzun müddətdir ki, Tbilisidəki klinikalardan birində müalicə alır. Sürətlə çəki itirdiyi bildirilən Saakaşvili səhhətindəki problemlərlə əlaqədar məhkəmə dinləmələrində iştirak edə bilmir. Sabiq Prezidentin ailə üzvləri və vəkilləri onun civə, arsenik kimi maddələrlə zəhərlənməsinə dair iddialar səsləndiriblər. Saakaşvilidən götürülən saç və dırnaq nümunələrində sözügedən maddələrin aşkarlandığı bildirilib. Tərəfdarları onun müalicə üçün xaricə göndərilməsini tələb etsələr də, hakimiyyət nümayəndələri belə bir addımın Saakaşvilinin azadlığa buraxılması anlamına gələcəyini, bu səbəbdən belə bir güzəştə razı olmayacaqlarını bildirirlər.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google