Dmanisili Laşa Çxvimiani "Teatrdan görüş yerinə qədər"
Gürcüstanın Mədəniyyət, İdman və Gənclər naziri Tea Tsulukianinin Dmanisi Dövlət Teatrına rəhbər seçimləri ilə bağlı müsabiqənin pozulduğunu elan etməsindən, yeganə namizəd olan Laşa Çxvimianinin əvəzinə bədii rəhbər olaraq Kutaisi Teatrının keçmiş rəhbərini təyin etməsindən sonra Laşa yenə də Dmanisidə qalmağa və öz enerjisini yerli icmanın inkişafına sərf etməyə qərar verib.

“Görüş Yeri” təşkilatı belə yaranıb.


“Çalışdıq ki, bizim təşkilatın məqsədi təşkilatın adında da görünsün. “Görüş yeri” – bizim təşkilat belə adlanır və biz istəyirik, bu kiçik bələdiyyədə bir-birinə yadlaşmış ictimaiyyəti müsbət mühitdə görüşdürək. Onlar burada bir-biri ilə öz dəyərlərini bölüşəcək, bir-birini kəşf edəcək və bir-birinin baxışlarına qiymət verəcəklər”.

Laşa deyir ki, təşkilatın yaranmasına səbəb araşdırma olub. Həmin araşdırma çərçivəsində 200-ə yaxın Dmanisili gənc sorğuda iştirak edib. Sorğuda iştirak edənlərin əksəriyyəti Dmanisidə öz gələcəyini təsəvvür etmədiyini deyib.

“Bu nəticə bizi çox təəccübləndirdi. Çünki 200 nəfərdən cəmi 5-10 nəfəri Dmanisiyə qayıtmaq, burada yaşamağa davam etmək istədiyini dedi”.

Laşanın layihə yazmağa qərar verməsinə zəmin yaradan araşdırma bir neçə il əvvəl aparılıb. O zaman gənclərdən onların Dmanisidə qalması üçün bələdiyyədə hansı işlərin həyata keçirilməsini istədiklərini yazmağı xahiş ediblər. Laşanın sözlərinə görə, əksər hallarda uşaqlar bir-biri ilə görüşə, tanış ola və öz təcrübələrini bölüşə biləcəkləri yerlərin olmaması problemini qeyd ediblər.

“Çalışdıq ki, bizim birillik layihəmiz bu ehtiyaclara uyğun, bu arzuların həyata keçməsinə istiqamətlənmiş olsun. Bununla təşkilatın fəaliyyətinə başlayırıq”.

Baxmayaraq ki, Dmanisi kiçik bələdiyyədir və ümumilikdə 20 000 nəfər yaşayır. Laşa deyir ki, bələdiyyədə hiss olunacaq dərəcədə yadlaşma var. Bu etnik gürcü və azərbaycanlılar arasındadır.

“Bu barədə ən çox iki il əvvəl Dmanisidə baş vermiş mübahisə, etnik qarşıdurma məni düşündürdü. Bəziləri buna ad vermir, amma hər şeyin öz adı olmalıdır və bəli, bu etnik qarşıdurma idi. Bu məni düşündürdü, hələ ki, mən svanam və atamdan 1989-cu ildə baş vermiş təxminən eyni tarixi eşitmişdim. Mən bunun heç vaxt təkrar olunmayacağını və keçmişdə qalmış məsələ olduğunu düşünürdüm. Amma bir axşam gördüm ki, atamın danışdığı hadisə mənim ətrafımda canlanır, ekrandan izləyirəm. Onda düşündüm ki, kiçik bələdiyyədə, kiçik şəhərdə yaşayan adamların bir gün belə acımasız şəkildə bir-birinə qıyması, dəmir dəyənəklərlə bir-birini vurması niyə baş verir. Bunun səbəbi həmin adamların heç yerdə bir-biri ilə görüşməməsidir. Dmanisidə vəziyyət belədir, şəhərdə əsasən etnik gürcülər, kəndlərdə isə əsasən etnik azərbaycanlılar yaşayırlar”.

Dmanisidə bələdiyyə nəqliyyatı işləmir. Laşanın sözlərinə görə, bu səbəbdən gürcü və azərbaycanlı əhalinin yolları ictimai nəqliyyatda da kəsişmir. Bələdiyyədə kafe yoxdur. Vətəndaşlar boş vaxtlarını keçirəcəkləri və gənclərin təhsil, inkişafla bağlı alternativ vasitələr əldə edə biləcəyi məkan yoxdur.

Laşa “Görüş yerini” məhz bu problemlərin həlli üçün yaratmağa qərar verib. Təşkilatın ilk layihələrindən biri “pulsuz taksidir”. Çxvimiani bu layihə vasitəsi ilə yerli sakinlərlə danışır, onların problemlərini, narahatçılıqlarını, təcrübəsini dinləyir. Sonra isə bu təcrübəni geniş auditoroya ilə bölüşür.


Laşa 2017-2021-ci illərdə Dmanisi Teatrının bədii rəhbəri vəzifəsini tuturdu. Teatrın kiçik resurslarına baxmayaraq 4 il ərzində tamaşalar qoyulurdu, maarifləndirici fəaliyyətlər keçirilirdi və teatr kəndlərə gedirdi. Çünki bələdiyyədə ictimai nəqliyyat hərəkət etmir.

“Yerli sakinlərin ehtiyacına uyğun olaraq bunu qismən təmin etməyə istiqamətlənmişdik və teatrın hamının evinə qədər getməsini istəyirdik, bizim əsas məqsədimiz bu idi”.

Laşa 2021-ci ildə yenidən bədii rəhbər seçimləri müsabiqəsində iştirak edib.

“Yeganə iştirakçı idim, başqa namizəd yox idi. Bir ay yarım müsabiqənin nəticələrini gözlədim və ay yarımdan sonra, 8 fevralda birdən-birə nazirliyin feysbuk səhifəsindən gördüm ki, bu müsabiqə heç bir açıqlama olmadan pozulub. Elə həmin gün də müsabiqədən kənar başqa adam vəzifəyə təyin olunub. Mən bu günə qədər buna cavab axtarıram, nazirin şəxsi feysbuk səhifəsinə də yazmışam, Xalq Müdafiəçisinə də, hər şeyi sınadım, amma bu günə qədər nə baş verdiyi ilə bağlı cavab almamışam. Bu günə qədər bu vəziyyətdəyəm, bunun niyə baş verdiyini düşünürəm”.

Laşa deyir ki, Mədəniyyət Nazirliyindən qeyri-formal şəkildə ona bildiriblər ki, bədii rəhbər vəzifəsinə onun təyin edilməməsi bələdiyyə ilə fikir ayrılığı səbəbindən baş verib.

“Bu fikir ayrlığı ondan ibarət idi ki, biz tamaşalar qoyanda yerli özünüidarənin xoşuna gəlmirdi. Məhz nazirlikdən bu səs çıxdı və nazirin məsləhət şurasının üzvləri də bir neçə müsahibəsində təkrar etdilər ki, hər şeyin səbəbi bu idi. Mən yenə də bunlara inanmaq istəmirəm, çünki əgər doğurdan da belədirsə, əgər kiminsə namizədliyini qoyduğu tamaşalara, bələdiyyə ilə “işini” qaydaya sala bilməməsinə görə seçmirsənsə, o zaman işimiz pisdir və buna da sonuna qədər inanmıram. Amma yekun fakt budur ki, biz ədalətsizlik baş verən ölkədə yaşayırıq, hamımız ədalətsizliyin olması ilə razılaşırıq, amma nə? Heç nə”.

Dmanisi teatrının yeni bədii rəhbərinin təyin edilməsindən bir il ötür. Mədəniyyət Nazirliyi teatrın maliyyəsini də artırıb. Amma Dmanisidə hələ tamaşa keçirilməyib. Bu dövr ərzində Dmanisi teatrı Tbilisidə oynayıb, Svanetidə tamaşa qoyub, Avropanın bir neçə ölkəsində qastrolda olub. Amma Dmanisili tamaşaçıların hələ də tamaşaya baxmaq imkanı olmayıb.

Laşa düşünür ki, teatrın əsas funksiyası problemlərdən danışmaqdır. Teatr hakimiyyətin ört-basdır etmək istədiyi problemlərin üzərindən pərdəni qaldıra bilər. Laşanın fikrincə, bu olmadan teatrı funksiyasını itirir.

“Mən istəmirəm, elə çıxsın ki, layihəyə başlamışam, başımda papağım var və susum, çünki yalnız Dmanisidə deyil, başqa yerdə də monitorinq çox mühümdür. Dövlət pulu nəyə xərclənir, repertuar siyasətləri nədir”.

Laşa Dmanisi teatrının hazırkı yanaşmasını açıq tənqid edir və hesab edir ki, repertuar regionun səciyyəviliyinə uyğun olmalıdır. Laşanın fikrincə, truppanın hazırda işlədiyi “Xalde üsyanı” tamaşası regionun problemlərinə səthi yanaşmanın göstəricisidir.

“İki il əvvəl Dmanisidə baş verənlər fonunda “Xalde üsyanı”nı tamaşaya qoymaq cinayətdir”, – Laşa deyir

“Elə fikir yaranıb ki, Dmanisi teatrı strateji teatrdır. Çünki Dmanisidə fəaliyyət göstərir və o millilikdən danışmalıdır, amma məhz bu milliliyi tərs başa düşürlər. Etdikləri ilə işləri daha da korlayırlar, mən belə hesab edirəm. Bu gün Dmanisidə insanlara humanizm göstərəcək tamaşalar qoyulmalıdır. Dmanisidə məhz humanizm çatışmazlığı var”.

Laşa istəyir ki, “Görüş yeri” Dmanisiyə lazım olan, yerli əhalinin problemlərini müzakirə edə biləcəyi və ortaq dil tapa biləcəyi yer olsun. Belə görüşlərin keçiriləcəyi yer yerli əhalinin dəstəyi və ianəsi ilə artıq tikilir.


Laşa ümid edir ki, mərkəz 2023-cü ildə açılacaq və burada bir məkanda kafe, kinoteatr, kamera teatrı, görüş yeri, kitab mağazası, teatr studiyası və qeyri-formal təhsil guşəsi olacaq. Baxmayaraq ki, “Görüş yeri” böyük ərazi tutmur, Laşa ümid edir ki, məhz bu yer Dmanisililərə problemlərinin həllində kömək edəcək.

Print Email
FaceBook Twitter Google