Mixeil Saakaşvilinin məhkəməsi növbəti dəfə təxirə salınıb
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin məhkəmə prosesi təxirə salınıb.

Tbilisi Şəhər Məhkəməsində keçiriləcək iclas 29 dekabr saat 11-ə təyin edilib.

Saakaşvilinin vəkili Şalva Xaçapuridze bildirib ki, müvəkkilinin sağlamlıq vəziyyəti pisdir və getdikcə ağırlaşır, ona görə də dinləmələr gündəlik keçirilməlidir.

Lakin, hakim Qiorqi Arveladze məhkəmə iclaslarının gündəlik keçirilməsinin mümkün olmadığını bildirib. O, yekun qərarın bir və ya iki dinləmə nəticəsində veriləcəyinin gözlənilməməli olduğunu vurğulayıb.

Bu günkü iclasda Saakaşvilini müayinə edən ekspertlər dinlənilib. Növbəti iclasda isə şahidlərin dinləniləcəyi bildirilib.

Qeyd edək ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili 2021-ci ilin sentyabr ayının sonunda Gürcüstana qayıdıb. Tbilisidə qaldığı mənzildə saxlanılan sabiq Prezidentə 6 il həbs cəzası verilib.

Mənbə: apa.az
Print