Fars yeməkləri barədə videoları ilə tanınan iranlı aşpaz Navab
İbrahimi
azadlığa buraxılıb. Instagram-da 2.7 milyon izləyicisi olan
aşpaz-bloqer yanvarın əvvəlində, kotlet resepti videosu paylaşandan
sonra saxlanmışdı.
İranda siyasi fəaliyyəti izləyən HRANA agentliyi yanvarın 17-də
bildirib ki, İbrahimi zaminə buraxılsa da, ona ittihamlar bəlli
deyil.
22 yaşlı etirazçıya edam cəzası kəsilib
İranda İslam İnqilab Məhkəməsi 22 yaşlı etirazçı barəsində ölüm
cəzası hökmü çıxarıb.
İranın Bəlucistan regionunda insan haqlarını monitorinq edən
HAALVSH adlı qrup bildirir ki, Mənsur Dehmərde ölkənin cənubundakı
Zahedan şəhərində keçirilən etiraz aksiyasında iştirak etdiyinə
görə oktyabrın 3-də həbs olunub.
Fiziki əlilliyi olan Dehmərde məhkəmə iclasında deyib ki, o aksiya
vaxtı “cəmi üç daş atıb və avtomobil təkəri yandırıb”.
Müttəhimin sözlərinə görə Zahedan Kəşfiyyat İdarəsinin düşərgəsində
saxlandığı 10 gün ərzində ona işgəncələr verilib, burnu
sındırılıb.
Dehmərde hazırda Zahedanın Mərkəzi Həbsxanasında saxlanır və ona
ailəsi ilə görüşlər və telefon danışıqları qadağan olunub.
Ona qarşı şəriət qanunlarına uyğun olaraq irəli sürülmüş “Allaha
qarşı müharibə” ittihamı ölüm cəzası nəzərdə tutur.
Bu, ölkədə artıq aylardır ki, davam edən etiraz iştirakçılarına
qarşı daha çox irəli sürülən ittihamlardan biridir.
Tehran hakimiyyəti Sistan-Bəlucistan ostanının Zahedan şəhərində
keçirilən etirazların iştirakçılarına amansız divan tutur.
Bəluc Fəallar Kampaniyası təşkilatı bildirir ki, son günlər
Zahedanda yüzlərlə etnik bəluc həbs olunub.
Onlardan bir çoxunun vətəndaş kimliyi olmadığına görə qonşu
Əfqanıstana deportasiya edilib.
Bu da qeyd olunur ki, Sistan-Bəlucistan ostanında minlərlə
sənədisiz yaşayan iranlı var.
Məhz bu səbəbdən də onlar bir çox təməl insan haqlarından məhrum
ediliblər.
Bəzi daxili mənbələr bu rəqəmin 100 mindən çox olduğunu
bildirirlər.