Nazarbayevin ürək əməliyyatı uğurlu keçib
Qazaxıstanın keçmiş avtoritar prezidenti Nursultan Nazarbayevin ürək əməliyyatı uğurlu keçib, həyatına təhlükə yoxdur, sözçüsü belə deyir. 

Sözçü Aidos Ukibay yanvarın 20-də Twitter-də yazıb ki, “birinci prezidentin həyatı təhlükədə deyil. O, hazırda nəzarət altındadır”.

Mediada yayılan məlumatlara görə, Nazarbayev paytaxt Astanadakı Milli Ürək Əməliyyatı Mərkəzinə yerləşdirilib.

İndiyədək Nazarbayevin səhhətində hər hansı problem haqda açıqlama olmayıb.

Keçmiş sovet respublikasını otuz ilə yaxın dəmir yumruqla idarə etmiş Nazarayev 2019-cu ildə istefa verib, indiki prezident Qasım Jomart-Tokayevi xələfi seçib.

Son bir ildə, ötən ilin yanvar etirazlarından bəri Tokayev sələfinin səlahiyyətlərini kəskin məhdudlaşdırıb.

Bir həftə öncə deputatlar Nazarbayevin yaxın ailə üzvlərinin hüquqi toxunulmazlığını ləğv edib.

Parlament Nazarbayevin parlamentin yuxarı palatası – Senatın ömürlük fəxri üzvlük statusunu da ləğv edib.

Ötən ilin yanvarında yanacağın qiymətlərinə etiraz aksiyaları genişlənib, Nazarbayev rejimi və nepotizmə qarşı etirazlara çevrilib. Bundan sonra Tokayev Nazarbayevi Təhlükəsizlik Şurasından kənarlaşdıraraq qurumun başına keçib.

Nazarbayevin qohumları və müttəfiqləri vəzifədən çıxarılıb, yaxud istefa verib. Bəziləri korrupsiya ittihamları ilə həbs olunub.

Print Email
FaceBook Twitter Google