Avropa Parlamenti İrana qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb
Avropa Parlamenti İrana qarşı sanksiyaların sərtləşdirilməsinə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa İttifaqının və üzv ölkələrin terror təşkilatları siyahısına salınmasına çağırıb.

Parlamentin yanvarın 19-u qəbul etdiyi qətnamədə İranın Ali Rəhbəri Əli Xamneyi, Prezident İbrahim Rəisi, Baş Prokuror Məhəmməd Cəfər Montazer də daxil olmaqla dinc etirazlara sərt müdaxilədə və insan hüquqlarının pozulmasında məsuliyyət daşıyan hər kəsin ailə üzvləri ilə birgə sanksiya siyahısına əlavə edilməsi vurğulanır.

Avropalı parlamentarilər İranda dinc nümayişçilərin edam edilməsini sərt şəkildə pisləyib. İran hakimiyyətini öz vətəndaşlarına qarşı repressiyalara son qoymağa, həbs edilən, həmçinin, ölüm hökmünə məhkum edilən etirazçıların dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırıb. Rejimin ölüm hökmünün və cinayət mühakiməsinin müxalif fikirlərə divan tutmaq məqsəd ilə istifadəsi qəti pislənib.

Bazar ertəsi xaricdə yaşayan minlərlə iranlı Strasburqda yürüş keçirirək İrandakı etirazlara dəstəklərini ifadə edib, Parlamenti sözügedən qətnaməni qəbul etməyə çağırmışdı.

İran Xarici İşlər Naziri Avropa Parlamentinin qətnaməsinin yersiz və yanlış olduğunu qeyd edərək pisləyib. İranda 4 aydır davam edən ümummilli etirazlar İranın əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayıb. İran hökuməti etirazların arxasında Qərb dövlətlərinin dayandığını deyir.

Bugünədək etirazlarda 500-dən çox insan həyatını itirib, 20 minə yaxın insan həbs edilib. İran həbs edilən etirazçıların bəzilərini dövlət mülkünə ziyan vurmaqda, hüquq-mühafizə orqanları əməkdaşlarını öldürməkdə günahlandıraraq ölümə məhkum edib, indiyədək ən az 4 nəfər edam edilib.


Print Email
FaceBook Twitter Google