Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında
sərvət qazanıb. Yeni sənədlər və müsahibələr onun Naxçıvanı 27 il
idarə etmiş Vasif Talıbovun ailəsinə bağlılığını, onun əlaltısı
olduğunu üzə çıxarıb. Araşdırmanı Beynəlxalq Korrupsiya və
Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi
(OCCRP)
yayıb.
Araşdırmaya görə, Türkiyə vətəndaşı Uçar son illər Gürcüstanda 270
milyon dollarlıq biznes və mülkiyyət imperiyası qurub. Onun
şirkətinin Fransanın Accor şirkətilə birgə idarə etdiyi üç otel də
bu sıradadır.
OCCRP Uçarın Vasif Talıbov və ailəsini təmsil etdiyini, onun
şirkətlərinin Talıbov ailəsinə bağlı böyük holdinqlərlə açıq
əlaqələri olduğunu qeyd edir. Uçarın vəkilləri onun sərvətini
istiqrazlardan qazandığını desələr də, biznesmenin idarə etdiyi
şirkətlər Azərbaycanda dövlət kontraktları əldə edib.
Araşdırmada deyilir ki, Gürcüstan paytaxtı Tbilisidə opera binası
yaxınlığındakı “Dinehall” restoranı, Fransanın Accor şirkəti ilə
birlikdə tikilən beşulduzlu otel Uçarın biznes imperiyasına
daxildir. Accor-dan OCCRP-yə bildirilib ki, Uçarın Talıbovlarla
iddia olunan münasibətləri fonunda Uçarla əlaqələrə yenidən
baxılır.
“Azərbaycanın Şimali Koreyası” adlandırılan Naxçıvanda Talıbov
idarəçiliyi dövründə çoxsaylı insan haqları pozuntularının baş
verdiyi bildirilir. Talıbov ötən il dekabrın 21-də istefa verib.
AzadlıqRadiosunun regiondan hazırladığı reportajlarda sakinlər
şikayətlərini dilə gətirib, həmin dövrdə həbs olunanlar
üzləşdikləri işgəncələrdən danışıblar. Naxçıvanda müstəqil media
susdurulub, dissidentlər psixiatrik klinikalara salınıb,
saxlananlar döyülüb, digər işgəncə növlərinə məruz qalıb.
OCCRP hələ 2022-ci ilin fevralında Uçarın Talıbov ailəsinə
bağlarını aşkarlayıb. Jurnalistlər Talıbovun illik 26 min dollar
məvacib almasına baxmayaraq, hakimiyyəti dövründə sərvət yığdığını
üzə çıxarıblar.
Araşdırmaçı jurnalistlər indi isə Talıbovun holdinqlərinin çoxunun
Uçarın şirkətləri tərəfindən maskalandığını ortaya qoyublar.
Azərbaycanda “Gəmiqaya”, Gürcüstanda “Maqro Group” kimi şirkətlərin
daxil olduğu şəbəkə 2000-ci illərin əvvəllərindən Azərbaycanda
onlarla dövlət kontraktı əldə edib.
Hazırda “Gəmiqaya”nın sahibliyi məsələsi qaranlıq qalır. Talıbov
istefa verəndən bir həftə sonra Gəmiqaya-nın adı dəyişdirilərək
“Arkoz” olub. Bu isə Uçara bağlı başqa bir şirkətin adıdır.
İnsan haqları təşkilatları Talıbovların “Gəmiqaya”nı idarə etdiyini
desələr də, bu informasiya açıq olmadığından onu təsdiqlətmək
çətindir. Ancaq şirkətin keçmiş işçisi OCCRP-yə deyib ki, Uçar
göstərişləri Talıbovlardan alırdı.
Uçarın Gürcüstanda Talıbovun oğlu Rzanın adından əmlak alması,
onların şirkətlərə birgə sahibliyinə dair sənədlər aşkarlanıb.
Rza suallara cavab verməyib. Ancaq Uçarın şirkəti “Maqro”nun və
Talıbovu kiçik oğlu Seymurun vəkilləri Uçarla bu ailənin biznes
əlaqələri haqda ziddiyyətli açıqlamalar səsləndiriblər.
Seymurun vəkili deyib ki, Rza Talıbov və Uçar “Naxçıvanda Gəmiqaya
adını daşıyan müxtəlif şirkətlərin həmtəsisçiləridir”. Maqro və
Uçarın vəkili isə bildirib ki, onlar “iddianı birmənalı təkzib
edirlər”.
Uçarın vəkili onun “nə keçmişdə, nə də indi özündən başqa kimsənin
biznesi üçün” saxta təmsilçilik etdiyini, həmişə qanuni
davrandığını bildirib. O, biznesmenin investisiyasının banklardan
gələn faizlərdən qaynaqlandığını vurğulayıb.
Ancaq OCCRP Rza Talıbovun Uçara 2012-ci ilin fevralında bir ay
müddətinə verdiyi etibarnamənin fotosunu yayıb. Talıbov biznesmenə
Gürcüstanın Batumi şəhərində onun adına mülk almağı etibar edib.
Həmin ilin iyunundan isə Rza Uçara bu dəfə iki ay müddətinə
etibarnamə verir. Bu dəfə tarixi binaya bitişik 1.2 milyon
dollarlıq mülk alınır, Uçar təmsilçi kimi satış sənədlərini
imzalayır.
Maqro-dan OCCRP-yə deyilib ki, o zaman Rza Talıbovla Uçar biznes
ortağı idilər və “belə məsələlərdə bir ortağın digərindən kömək
istəməsi tamamilə təbiidir”.
İki il sonra, 2014-cü ildə Rzanın aldığı binalarda “Divan Suites
Batumi” beşulduzlu oteli açılıb. O zaman Rza Talıbov “Gəmiqaya
Holdinq”in sədri kimi mərasimdə qırmızı lenti kəsir.
Talibov istefa verdiyi ərəfədə isə Rza “Divan Suites” otelini 18
milyon dollara satışa çıxarıb.