Rusiyada Çita vilayətinin sakini Nelli Losevanı Odnoklassniki
sosial
şəbəkəsində Rusiya səfərbərlərinin Ukraynada həlak olması barədə
posta “like” qoymasına görə 30 min rubl (435 dollar) cərimə
ediblər.
AzadlıqRadiosu bildirir ki, Losevaya qarşı ordunun gözdən salınması
ittihamı irəli sürülmüşdü.
Losevanın altında “like” qoyduğu fotolardan birinin şərhində
“Rusiya səfərbərlərinin getdikcə daha çox sayda həlak olması,
onların vətənə xidmət etməməsi, Rusiyanın qonşu ölkəyə basqın
etməsi, adamların əbəs yerə ölməsi” barədə yazılmışdı.
Çita polisi Loseva barədə protokolu ötən dekabrda tərtib edib.
Polis şöbəsində ona materialların şəklini çəkmək üçün icazə
verməyiblər.
Polisdə Losevaya qarşı habelə “mənim səhifəmə baxanlar üçün: Putin
- ***** (söyüş), Krım Ukraynadır, Rusiya Ukrayna ilə müharibə
aparır” yazılmış postu bəyəndiyinə görə ittiham irəli sürülüb.
Çita rayon məhkəməsi bu işə fevralın 1-də baxacaq.
“Yuxuda görürəm ki, Zelenski...”
Ötən ilin dekabrında Çita məhkəməsi Nelli Losevanın oğlu İvan
Losevi də 30 min rubl cərimə edib.
O da “Rusiya ordusunun gözdən salınmasında” ittiham olunurdu. İvan
öz səhifəsində Ukrayna prezidenti Volodimir Zelenskini yuxuda
görməsindən yazırdı:
"Bugün yuxuda gördüm ki, məni səfərbərliyə alıblar, hansısa
hazırlıq düşərgəsinə gətiriblər. Elə o anda Zelenskinin başçılığı
ilə Ukrayna ordusu düşərgəyə basqın etdi, hamının qollarını
bağladılar və güllələməyə hazırlaşdılar. Elə bu vaxt Zelenski mənim
yanımdan keçirdi. Mənə baxdı və dedi: “Oooo, İnstada sənin
postlarını oxumuşam. Ukraynaya eşq olsun!” Mən də cavab verdim:
“Qəhrəmanlara eşq olsun!”. Zelenski sevincək əlini kürəyimə vurub
dedi: “Bunu buraxın, qalanları güllələnsin”. Sonra görürəm ki,
onunla masanın arxasında oturmuşuq. Mən soruşuram: “Olar sizinlə
şelfi çəkim?”. Zelenski deyir: “Olar”.
Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan sonra Vladimir Putin
feyklər və ordunun gözdən salınması ilə bağlı yeni qanun
imzalayıb.
Bu qanunla Ukraynada müharibəyə qarşı çıxanları ittiham etmək
mümkündür.