Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın İrandakı səfirliyinə
silahlı hücumla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Qafqaz Müsəlmanları İdarəsi 27 yanvar 2023-cü il
tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı
Səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə
pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirir.
Müstəqil Azərbaycanın suveren ərazisinin – Səfirliyimizin və onun
əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən
beynəlxalq hüquqa zidd terror aktıdır.
Tehrandakı Səfirliyimizin mühafizəsini təmin edərkən – dövlətimizin
qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov
Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə
başsağlığı verir, hücumu dəf edərkən yaralanan mühafizə
əməkdaşlarına Allahdan şəfalar diləyirik.
Birmənalı şəkildə Səfirliyimizə hücumla bağlı bütün məsuliyyəti
beynəlxalq hüquq və diplomatik qanunlarla İran tərəfi daşıyır. Bu,
diplomatik binaların və diplomatların toxunulmazlığı prinsipinin
birbaşa pozulması deməkdir. Səfirliyin təhlükəsizliyinin təmin
edilməsi, heç şübhəsiz, Səfirliyin yerləşdiyi ölkənin borcudur. Bu
terror hadisəsi İranın son vaxtlar Azərbaycana qarşı nümayiş
etdirdiyi aqressiv, destruktiv mövqe fonunda şübhə doğurur.
Azərbaycanın dini təsisatı olaraq bəyan edirik ki, ölkəmizə qarşı
bu hadisə məzhəbindən asılı olmayaraq Azərbaycan dindarları
tərəfindən hiddətlə qarşılanır. Müsəlman qardaşını təhdid edən, əli
müsəlman qanına bulaşmış, Allah evlərini murdarlayan tərəfə silah,
hərbi yardım söz verən, Ermənistanın təhlükəsizliyini İranın
təhlükəsizliyi ilə eyniləşdirən İran dövlətinin Tehrandakı
Səfirliyimizə silahlı hücumu Azərbaycanın dövlət mənafelərinə,
xalqımıza birbaşa təhdiddir. Dövlətçiliyimizə qarşı hər hansı
təhdidə göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın,
ədalətin yanında yer almağı təlqin edir. Dini mərkəz olaraq bəyan
edirik ki, bütün Azərbaycan məscidlərində bu mənfur terror hücumu
pislənir və hadisənin xalqımıza və dövlətimizə qarşı olan həqiqi
mahiyyəti din xadimlərimizin xütbə və moizələrində dindarlara
çatdırılacaq.
Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində
iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan dindarları
ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə
qarşılayır, kəskin pisləyirlər. Azərbaycan Səfirliyinə siyasi
sifarişlə hücum yolverilməz təxribatdır və bütün Azərbaycan
dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi
ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın.
Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin!
Amin!"