Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd
Əmin Rəsulzadənin anadan olmasının 139-ci ildönümüdür.
M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində
anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının
yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq
1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada
“İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı
yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra
Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın
yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də
bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi
ilə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə
baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək
SSRİ-ni tərk edib.
M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını
dəyişib.
1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy
"Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar
sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin
Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin
həlli haqqında" sərəncam imzalayıb.
29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev
"Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin
Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi
haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və
respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.
Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili
münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili
"Cümhuriyyət ili" elan edilib.