Tbilisidə Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilir (FOTO)
Bu gün, 24 fevral tarixində Tbilisidə Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı tanıtım aksiyası keçirilir.

Aksiya Gürcüstandakı “Azərbaycan Evi”nin, AZEBİ və Alyans Gənclər Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilib.

Aksiya zamanı üzərində gürcü və ingilis dillərində “Xocalıya Ədalət” yazısının əks olunduğu 4 ədəd kiçik həcmli yük avtomobili fevralın 28-ə qədər Tbilisinin küçə və prospektlərində hərəkət edəcək.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanovun sözlərinə görə, 10 ildən artıqdır ki, onlar da “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyasına qoşulublar.

“Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası 10 ildən artıqdır ki, keçirilir. Həmin aksiyaya biz də qoşulmuşuq və bu illər ərzində XX əsrin ən böyük qətliamı olan Xocalı Soyqırımının tanıdılması və təbliği məqsədi ilə paytaxtda bu illər ərzində bir sıra tədbirlər, yürüş aksiyaları, buklet və broşürlərin paylanılması aksiyaları və konfranslar həyata keçirmişik. Bu ilki aksiyamız fərqli olaraq bütün paytaxtı əhatə etmək məqsədini daşıyır. Bu aksiyaların və tədbirlərin əsas məqsədi 31 il öncə erməni cinayətkarlarının xalqımıza qarşı törətdiyi amansız soyqırımı Gürcüstan ictimaiyyətinə, paytaxt sakinlərinə, eləcədə paytaxtda qonaq olan digər əcnəbi millətlərə çatdırmaqdır”.

Qeyd edək ki, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib.

Lakin silahlılar dinc sakinləri gülləbaran ediblər. Xocalı Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google