Parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında”
qanunun geri çağırılması barədə qərar qəbul edib,
- bu barədə “Gürcü arzusu”, “Xalqın gücünün” siyasi şurası və
parlament çoxluğunun birgə bəyanatında deyilir.
“İctimaiyyətin nəzərinə çatdırırıq ki, “Xarici təsirin
şəffaflığı haqqında” qanun ətrafında cərəyan edən siyasi
proseslərlə bağlı “Gürcü arzusu”, “Xalqın gücü” siyasi şurası ilə
parlament çoxluğunun üzvləri arasında məsləhətləşmələr
aparılıb.
Qəbul edilən qanun layihəsinin cəmiyyətdə fikir ayrılıqlarına səbəb
olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən
təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdıra bildi. Qanun
layihəsinə saxta “Rusiya hüququ” damğası vuruldu və onun birinci
oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa
kursundan uzaqlaşma kimi təqdim olundu.
Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz
fəaliyyətə cəlb edə biliblər. Zorakılığa səbir və ən yüksək
standartlarla cavab verən qəhrəman hüquq-mühafizə orqanlarının
əməkdaşlarına təşəkkür edirik.
Biz ölkəmizdə sülh, əmin-amanlıq və iqtisadi inkişafa, eləcə də
Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləməsinə ən diqqətli
olmalıyıq. Ona görə də hər bir həmvətənimizin enerjisini
qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf
etmək lazımdır.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq, cəmiyyətin hər bir üzvü
qarşısında məsuliyyət daşıyan bir idarəedici güc olaraq, heç bir
qeyd-şərtsiz dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri
götürmək qərarına gəldik.
Emosional fon azaldıqca, qanun layihəsinin nə üçün nəzərdə
tutulduğunu və ölkəmizdə xarici təsirin şəffaflığının təmin
edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah
edəcəyik. Bunun üçün əhali ilə görüşlərə başlayacağıq və məsələnin
hər bir detalı ilə bağlı həqiqəti geniş ictimaiyyətə
çatdıracağıq.
Biz idarəedici güc olaraq cəmiyyətin hər bir üzvünə borclu
olduğumuz xüsusi məsuliyyətlə hərəkət edirik.
Gürcüstan sülh və sabitliyi qoruyub saxlayacaq və Avropaya doğru
ləyaqətlə irəliləyəcək, bu, Gürcüstan cəmiyyətinin prinsipial
seçimidir", - bəyanatda deyilir.