Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm
ayağındadır.
Bu barədə Britaniyanın “Sky News“ telekanalı məlumat yayıb.
Jurnalistlərin xəstəxanaya buraxılmadığı, lakin onların suallarının
vəkil vasitəsilə çatdıra bildirildiyi və yazılı cavablar aldığı
qeyd edilir.
“Əvvəlcə 120 kiloqram çəkim var idi. İndi isə 64. Yaşım
60-dan azdır. Həkimlər çoxlu orqan çatışmazlığını
proqnozlaşdırırlar. Mən daim yataqdayam, sümüklərim parçalanır və
bu, dözülməz ağrılara səbəb olur”, - deyə Saakaşvili
suala cavab verib.
Keçmiş prezident ölüm ayağında olduğunu bildirib.
Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini
təsdiqləyib.
Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin səhhətində ciddi
problemlər 2021-ci ilin noyabrında hakimiyyət tərəfindən
saxlanmasına etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirməsi
ilə başlayıb.
Aclıq aksiyası bitdikdən sonra ilk dəfə Saakaşvili sağalmağa
başlasa da sonra səhhəti yenidən pisləşib.
2022-ci ilin payızında siyasətçinin vəkilləri bildiriblər ki, o
həbsxanada zəhərlənib.
Avropa ölkələri Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün
azad etməyə çağırsalar da Gürcüstan məhkəməsi bundan imtina
edib.