Qaribaşvili: Avqust müharibəsi ciddi qəbul edilmədi, lakin Rusiya 6 il sonra Krımı ilhaq etdi
Dünya 2008-ci il Avqust müharibəsinin o qədər də ciddi olmadığını düşündü, lakin 6 il sonra Rusiya Krımı ilhaq etdi.

Bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda (GLOBSEC) Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

“Rusiyanın Krımı ilhaq edə biləcəyini heç kim düşünməzdi, amma o etdi. Bu, bizim üçün sürpriz deyildi, çünki bizim başımıza gəlmişdi. Bizim son 3 onillikdə 3 müharibəmiz olmuşdu. Düşünürəm ki, o zaman dünya onu kifayət qədər ciddi qəbul etmədi. Hər şey həmişəki kimi davam etdi. Bu gün bizdən Gürcüstanın Rusiya ilə iqtisadi əlaqələri ilə bağlı soruşulur. Avropa İttifaqı 2008-ci ildən 2022-ci ilədək Rusiyaya 2,5 trilyon dollar ödəyib. Bu reallıqdır. Lakin biz indi fərqli bir reallıqdayıq. Biz indi Ukraynadakı bu qəddar müharibənin şahidi oluruq. Biz heç bir tərəfin müharibənin dayandırılması üçün hər hansı səyini və ya istəyini görmürük”, - Qaribaşvili deyib.

Baş nazir əlavə edib ki, Gürcüstanın Rusiya ilə hazırkı iqtisadi əlaqələri əvvəlki hökumətin dövründən mövcud olub.

O, əvvəlki hökuməti müharibədən dərhal sonra Rusiya ilə viza rejimini ləğv etməkdə, həmçinin ölkənin strateji infrastrukturunu, enerji sektoru aktivlərini Rusiyaya satmaqda ittiham edib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google