Dünya 2008-ci il Avqust müharibəsinin o qədər də ciddi olmadığını
düşündü, lakin 6 il sonra Rusiya Krımı ilhaq etdi.
Bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən Qlobal
Təhlükəsizlik Forumunda (GLOBSEC) Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili deyib.
“Rusiyanın Krımı ilhaq edə biləcəyini heç kim
düşünməzdi, amma o etdi. Bu, bizim üçün sürpriz deyildi, çünki
bizim başımıza gəlmişdi. Bizim son 3 onillikdə 3 müharibəmiz
olmuşdu. Düşünürəm ki, o zaman dünya onu kifayət qədər ciddi qəbul
etmədi. Hər şey həmişəki kimi davam etdi. Bu gün bizdən Gürcüstanın
Rusiya ilə iqtisadi əlaqələri ilə bağlı soruşulur. Avropa İttifaqı
2008-ci ildən 2022-ci ilədək Rusiyaya 2,5 trilyon dollar ödəyib. Bu
reallıqdır. Lakin biz indi fərqli bir reallıqdayıq. Biz indi
Ukraynadakı bu qəddar müharibənin şahidi oluruq. Biz heç bir
tərəfin müharibənin dayandırılması üçün hər hansı səyini və ya
istəyini görmürük”, - Qaribaşvili deyib.
Baş nazir əlavə edib ki, Gürcüstanın Rusiya ilə hazırkı iqtisadi
əlaqələri əvvəlki hökumətin dövründən mövcud olub.
O, əvvəlki hökuməti müharibədən dərhal sonra Rusiya ilə viza
rejimini ləğv etməkdə, həmçinin ölkənin strateji infrastrukturunu,
enerji sektoru aktivlərini Rusiyaya satmaqda ittiham edib.