“Dəyişikliklər üçün Koalisiya” lideri Nika Qvaramiya Tbilisi Şəhər
Məhkəməsi tərəfindən 5000 lari
məbləğində cərimələnib. Polis onu Tbilisidə yolun bağlanmasını
təşkil etməkdə ittiham edir.
İnzibati protokol 17 noyabr tarixində Çavçavadze prospektinin
bağlanmasına görə tərtib olunub. Həmin axşam Tbilisidə yeni
seçkilərin keçirilməsi tələbi ilə izdihamlı aksiya təşkil olunub.
“Dəyişikliklər üçün Koalisiya” və “Vahid Milli Hərəkat”ın üzvləri
yürüş keçirərək Tbilisi
Dövlət Universitetinin birinci korpusunda
dayanıb, çadırlar qurub və çıxışlara başlayıblar. Aksiyalar 24
saatdan çox davam edib və polis onları bir neçə dəfə dağıtmağa cəhd
göstərib. Yenidən seçkilərin keçirilməsi tələbi ilə aksiyalar 28
noyabrda bərpa olunub. Buna səbəb “Gürcü Arzusu”nun Gürcüstanın
növbəti dörd il ərzində Avropa İttifaqı ilə danışıqların başlanması
təşəbbüskarı olmayacağını elan etməsi olub. Polis 400-dən çox
insanı, o cümlədən 30-dan çox şəxsi cinayət məsuliyyəti qaydasında
saxlayıb.
Aksiyalarla paralel olaraq, “Gürcü Arzusu” parlamenti bir neçə
qanuna dəyişikliklər edib. Bu dəyişikliklər nümayişçilərin
hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Dəyişikliklərə
əsasən, yolun bağlanmasına görə vətəndaşlar 500 lari əvəzinə 5000
lari məbləğində cərimələnəcək. Təşkilatçılar üçün cərimə 5000-dən
15 000 lariyə qədər artırılacaq. Hər iki halda 15 günədək həbs
cəzası da nəzərdə tutulur.