Parisdə keçirilən fövqəladə sammitin ardından Avropa liderləri
Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olduqlarını bəyan
ediblər.
Lakin onlar vurğulayıblar ki, bu zəmanətlərin səviyyəsi hərtərəfli
sülh sazişi bağlandığı təqdirdə Vaşinqtonun iştirakından asılı
olacaq.
Eyni zamanda liderlər Kiyevə davamlı dəstəklərini ifadə ediblər.
NATO-nun baş katibi Mark Rütte iclasdan sonra fevralın 17-də X
sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Avropa Ukraynanın
dəstəkləməyə hazırdır:
"Bu, bu gün Parisdə keçirilən görüşdən
çıxardığım əsas nəticədir. Avropa Ukraynaya təhlükəsizlik
zəmanətləri verməkdə liderlik etməyə hazırdır və istəklidir. Biz
təhlükəsizliyimizə daha çox sərmayə qoymağa da hazırıq. Detallar
hələ müəyyənləşdirilməlidir, lakin öhdəlik aydındır".
Avropa İttifaqının (Aİ) adı açıqlanmayan rəsmisi "Reuters"ə
bildirib ki, Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanətləri
verməyə hazırdır, ancaq bu, əsasən, Vaşinqtonun bu məsələdə
göstərəcəyi dəstəyin səviyyəsindən asılıdır.
"Ancaq biz hesab edirik ki, sülh sazişi olmadan
atəşkəsin bağlanması risklidir", - rəsmi şəxs əlavə
edib.
Tədbirə ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron isə
Ukraynada "güclü və davamlı" sülhə nail olmağa çalışdıqlarını
bildirib.
"Bunun üçün Rusiya öz aqressiyasına son qoymalıdır və
bu, Ukrayna üçün güclü və etibarlı təhlükəsizlik zəmanətləri ilə
müşayiət olunmalıdır", - Makron vurğulayıb.
AzadlıqRadiosunun əldə etdiyi layihə sənədinə görə, Aİ yaxın
zamanda Ukraynaya əlavə 5 milyard avro yardımın ayrılmasını
təsdiqləməyə hazırlaşır.
Sənəddə bildirilir ki, Rusiyanın 2022-ci ilin fevralında başladığı
genişmiqyaslı işğalından bəri Aİ Ukraynaya ümumilikdə 134.5 milyard
avro yardım ayırıb, bunun 48.5 milyard avrosu hərbi dəstəkdən
ibarətdir.
"Avropa İttifaqı Ukraynaya lazım olduğu müddətcə və
tələb olunan intensivlikdə hərbi dəstək göstərəcək",
- layihə mətnində qeyd olunub.
E.Makron toplantıdan sonra ABŞ prezidenti Donald Trampla danışıb.
Ağ ev rəsmisinin verdiyi məlumata görə, "dostca" baş tutan bu zəng
30 dəqiqə davam edib və müharibə, Paris görüşü və Səudiyyə
Ərəbistanında keçiriləcək danışıqlara toxunulub.
Britaniya Ukraynaya
sülhməramlıların göndərilməsini mümkün, Almaniya "uyğunsuz"
sayır
Britaniya baş naziri Kir Starmerin açıqlamalarından sonra atəşkəsin
ardından Ukraynaya Avropa sülhməramlılarının göndərilməsi ideyası
ön plana çıxıb.
Fevralın 17-də Parisdə mətbuat konfransında çıxış edən Starmer
bildirib ki, o, davamlı bir sülh sazişi olarsa, Britaniya
qüvvələrini digər qüvvələrlə birgə Ukraynada yerləşdirməyi nəzərdən
keçirməyə hazırdır.
Bununla belə, o əlavə edib ki,
"ABŞ-nin dəstəyi
olmalıdır, çünki yalnız Vaşinqtonun təhlükəsizlik zəmanəti Rusiyanı
Ukraynaya növbəti hücumu həyata keçirməkdən effektiv şəkildə
çəkindirmək üçün yeganə yoldur".
Sammitdən sonra Almaniya kansleri Olaf Şolts sülhməramlıların
göndərilməsi məsələsini "tamamilə vaxtından əvvəl" və "müharibə
davam edərkən son dərəcə uyğunsuz" adlandırıb.
Şolts əlavə edib ki, onun fikrincə, Ukraynanın təhlükəsizliyi ilə
bağlı məsuliyyət məsələsində Avropa və ABŞ arasında heç bir bölgü
olmamalıdır:
"NATO həmişə birlikdə hərəkət etdiyimiz və
riskləri paylaşdığımız prinsipə əsaslanır, beləliklə, biz
təhlükəsizliyimizi təmin edirik. Bu, sual altına
alınmamalıdır".
O əlavə edib ki, Kiyevin razılığı olmadan heç bir sülh sazişi
olmayacaq.
Ancaq görünür ki, heç də bütün Avropa ölkələri Ukraynaya əlavə
dəstək verməyə tələsmir. Bu ölkələrdən bir də Kremlin Ukraynaya
genişmiqyaslı işğalından sonra belə Rusiya ilə yaxın əlaqələrini
qoruyub saxlayan Macarıstandır.
Macarıstanın xarici işlər naziri Peter Siyarto Paris sammitini
tənqid edərək bunu
"narazı Avropa siyasətçilərinin
toplantısı" adlandırıb.
Macarıstan XİN rəhbəri Rusiyanın rəsmi şəxsləri tərəfindən tez-tez
irəli sürülən ittihamları təkrarlayaraq bildirib ki, sammit
iştirakçıları müharibəni uzatmaq istəyirlər.
"Bu gün müharibə tərəfdarları, anti-Tramp Avropa
siyasətçiləri Parisdə toplaşır və Ukrayna ilə sülh müqaviləsinin
bağlanmasının qarşısını almağa çalışırlar", – o
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415