Gürcüstanın Rusiyanın dəstəklədiyi separatçı Abxaziya regionunda
martın 2-də keçirilən prezident seçkilərində Moskvanın dəstəklədiyi
namizəd Badra Qunba ikinci turda qalib gəlib.
Bu barədə de fakto seçki rəsmiləri martın 2-də məlumat verib.
47 yaşlı Qunba fevralın 15-də keçirilən səsvermənin ilk turunda tam
səs çoxluğu əldə edə bilməmişdi və bu səbəblə də ikinci turda
Rusiyanın dəstəklədiyi bəzi iqtisadi
siyasətləri tənqid edən rəqibi
Adqur Ardzinbaya qarşı gəlmişdi.
Rəsmilər bildiriblər ki, Gunba səslərin təxminən 55 faizini
qazanıb, Ardzinba isə 41,5 faiz toplayıb. Seçicilərin 2 faizi hər
iki namizədin əlehinə səs verib. Amma sözügedən rəqəmləri
doğruluğunu təsdiqləmək mümkün olmayıb. Seçkilərdə iştirakın 70
faiz olduğu bildirilir.
Birinci turda Qunba 46,3 faiz, Ardzinba isə 36,9 faiz səs
toplayıb.
Əvvəllər vitse-prezident vəzifəsində çalışan Qunba noyabrın 19-da
Aslan Bjaniyanın istefasından sonra müvəqqəti lider vəzifəsini icra
etməyə başlayıb. Bjaniya Rusiya ilə imzalanan investisiya sazişinə
qarşı kütləvi etirazlar fonunda vəzifəsindən getmişdi. Müxaliflər
bu sazişin Abxaziyanın Rusiyanın nəzarəti altında onsuz da zəif
olan statusunu daha da təhlükə altına atacağından narahat idi.
Keçmiş de-fakto iqtisadiyyat naziri (2015–2020) və Abxaz Xalq
Hərəkatının lideri olan Ardzinba isə seçki kampaniyasında Rusiya
ilə investisiya sazişinə qarşı olduğunu vurğulasa da, Moskva ilə
yaxın əlaqələri davam etdirməyə söz vermişdi. Bununla belə,
Rusiyanın hökumətyönlü mediası onu "Türkiyəyönlü" namizəd kimi
təsvir edirdi.
Tənqidçilər investisiya sazişini "istismarçı" adlandıraraq onun
Rusiya investorlarına həddindən artıq üstünlüklər verdiyini və
Abxaziyanın suverenliyini zəiflədəcəyini iddia ediblər. Daha sonra
sözügedən saziş regionun de-fakto parlamenti tərəfindən rədd
edilib.
Gürcüstan Xarici İşlər Nazirliyi "Rusiyanın işğal etdiyi Abxaziyada
keçirilən prezident seçkilərini" pisləyib və beynəlxalq
ictimaiyyəti Moskvanın davam edən qanun pozuntularına qarşı
reaksiya verməyə çağırıb.
Avropa İttifaqı (Aİ) da birinci turdan sonra verdiyi bəyanatda
Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha
vurğulayıb. Aİ "tanınmamış Abxaziyada keçirilən prezident
seçkilərinin" hüquqi və konstitusiya çərçivəsini tanımadığını
bildirib.
Moskva Qunbanın namizədliyini və onun qalibiyyətini alqışlayıb.
Seçkilərdən sonra Rusiya prezidenti Putin Qunbanı təbrik edib.
Gürcüstan hökuməti martın 1-də bəyan edib ki, “qanunsuz” keçirilən
seçki “beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir və
Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində
suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə kobud şəkildə
pozulmasıdır”.
Abxaziya və Cənubi Osetiya 1990-cı illərin əvvəllərində Sovet
İttifaqının dağılmasından sonra Gürcüstanın idarəçiliyindən
ayrılıb. Rusiya 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra
Abxaziyanın müstəqilliyini tanısa da, əksər beynəlxalq ictimaiyyət
hələ də regiona Gürcüstanın bir hissəsi kimi baxır.