İrakli Ruxadze "Liberty Bank"ı satır – BMG
Hakimiyyətə yaxın biznesmen, “İmedi” telekanalının sahibi İrakli Ruxadze, “Liberty Bank”ı satmaq istəyir – bu barədə BMG yazır. İki ay əvvəl Ruxadze BMG-yə bildirmişdi ki, bir neçə şirkətlə, o cümlədən “BasisBank”la danışıqlar aparılır.

"Liberty Bank" Gürcüstanda ölçüsünə görə üçüncü bankdır, yalnız “Sakartvelos Banki” və “TBC”dən geri qalır. “BasisBank” isə Gürcüstan banklarının reytinqində “Liberty”dən sonrakı yeri tutur.

Açıq mənbələrdəki son məlumatlara görə:

“Liberty Bank”ın 95.99%-lik payı Hollandiyada qeydiyyatdan keçmiş “Georgian Financial Group B.V.” şirkətinə məxsusdur. Bu şirkətin sahibləri İrakli Ruxadze, Benjamin Marsoni və İqor Alekseevdir. Onlara həmçinin “Media Financial Group B.V.” də məxsusdur, hansı ki, “İmedi” telekanalının 100%-lik payına sahibdir. “BasisBank”ın sahibi isə Çinli “Hualing Group”dur.

BMG mənbəyə istinadla yazır ki, “BasisBank”ın “Liberty”ni alması ilə bağlı razılaşma bir neçə həftə ərzində tamamlanacaq. "Radio Tavisupleba" “BasisBank”la bu barədə danışıqları təsdiqləyib, lakin razılaşma başa çatana qədər əlavə şərh verməyəcəklərini bildiriblər.

Sonradan İrakli Ruxadze də “Radio Tavisupleba”ya “BasisBank”la danışıqlar apardıqlarını təsdiqləyib, lakin əlavə detalları açıqlamayıb:

“Biz özəl investisiya şirkətiyik. Bütün aktivlərimiz satıla bilər. Müəyyən məqamda bu proseslər başlayır. Eləcə də, bəzi layihələrə və aktivlərə baxırıq ki, onları almağı planlaşdırırıq – o cümlədən Gürcüstanda. Razılaşmaya yaxınlaşdıqda bu barədə məlumat verəcəyik,” – deyə Ruxadze bildirib.

Bazarın iri oyunçuları arasında razılaşmalar Gürcüstan Milli Bankının təsdiqi olmadan həyata keçirilə bilməz. Milli Bankın mətbuat xidməti “Radio Tavisupleba”ya bildirib ki, bu məsələyə dair hazırda hər hansı rəsmi proses başlamayıb.

Qeyd edək ki, “BasisBank” 2022-ci ildə böyüdü – o zaman Ukrayna müharibəsinə görə Rusiya banklarına tətbiq olunan sanksiyalar nəticəsində Rusiyanın “VTB Bank”ının Gürcüstandakı törəmə bankı təsirləndi və onun pərakəndə aktivlərini “BasisBank” satın aldı.

İrakli Ruxadzenin adı son zamanlar ABŞ-ın sanksiya tətbiq etmə ehtimalı olan şəxslər arasında da hallanır. Son nümunə olaraq, “Dostluq Aktı”nın həmmüəllifi, respublikaçı konqresmen Co Uilson tərəfindən açıqlanan siyahıda “Bidzina İvanişvilinin dövləti ələ keçirməsinə yardım edənlər” arasında Ruxadze də yer alıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google