Zurabişvilinin fikrincə, "mövcud şəraitdə" yerli seçkilər qələbə gətirə bilməz
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili, ölkədəki hazırkı vəziyyət şəraitində müxalifət partiyalarının yerli özünüidarəetmə seçkilərində iştirakına qarşıdır. O, bu barədə ofisində keçirdiyi brifinqdə danışıb və bir neçə səbəb sadalayıb.

“Yerli seçkilərin təyin olunması və bu seçkilərdə iştirak – ölkədə 60-dan çox siyasi məhbus varkən – bir qədər təəccüblüdür və mənim üçün anlaşılmazdır. Bu ölkədə, hər gün şahidi olduğumuz kimi, məhkəmələrə heç bir inam yoxdur. Əgər dəyişikliklər edilməyəcəksə, bu məhkəmə hansısa seçki mübahisəsində tərəflərdən birinin xeyrinə qərar verərmi? Buna inanan varsa, ən azı sadəlövhlükdən danışmalıyıq,” – deyə Zurabişvili bildirib.

O vurğulayıb ki, bu onun şəxsi fikridir və özünün də rəhbəri olduğu “Müqavimət Hərəkatı”nın mövqeyi deyil.

Zurabişvili medianın vəziyyətinə də toxunub, bildirərək ki, “Gürcü Arzusu”nun qəbul etdiyi yeni qanuna əsasən, mediya qurumlarını cərimələr və yayım lisenziyalarının ləğvi gözləyir:

“Burada olan jurnalistlər mənim nə demək istədiyimi məndən yaxşı bilirlər. Media hər bir demokratik ölkədə seçkilərin ayrılmaz hissəsidir. Amma bizdə bu sahə getdikcə daha çox məhdudlaşdırılır, vəziyyət gündən-günə ağırlaşır.”

O, seçkiləri müşahidə edəcək şəxslərlə bağlı məhdudiyyətlərə də diqqət çəkib:

“Müşahidəçilərin hüquqları daha da məhdudlaşdırılıb. Əslində, heç nəyi müşahidə edə bilməyəcəklər. Beynəlxalq müşahidəçilər isə nadir hallarda yerli seçkiləri izləməyə gəlirlər... Bu şəraitdə kimsə yerli seçkilərə ümid bəsləyirsə, mən bunu anlaya bilmirəm – bu seçkilərin qələbə yox, məyusluq gətirəcəyi gözləniləndir.”

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 2025-ci ilin oktyabrında keçiriləcək. Müxalifətin bir hissəsi hesab edir ki, bu seçkilərdə iştirak “Gürcü Arzusu” hökumətini və 2024-cü ildə formalaşan parlamenti legitimləşdirmək demək olacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google