"Fərqli məktəb alınıb" – Təhsil nazirinin müavini Marneulidəki məktəb barədə
Bu
gün, 18 aprel tarixində Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin
müavini Natia Zedqinidze Marneulidə qonaq olub və Kvemo Kartli
qubernatoru, eləcə də yerli hakimiyyət nümayəndələri ilə birgə yeni
tikilmiş 1 saylı ictimai məktəbə baxış keçiriblər.
Qonaqlar yeni tədris müəssisəsini fərqli
arxitektura layihəsinə görə dəyərləndiriblər.
“Fəqrli, xüsusi layihəni gördük, mən deyərdim başqa
məktəblərlə müqayisədə fərqli məktəb olub. Bu regionda bir çox
məktəbin inşası planlaşdırılır ki, biz bu səlahiyyəti
Bələdiyyələrin İnkişafı Fonduna verdik. Eləcə də yerli hakimiyyətlə
əməkdaşlıq edirik, və kiçik bərpa işləri aparılacaq məktəblərin
siyahısı da hazırlanıb” – Natia Zedqinidze deyir.
Kvemo Kartli qubernatoru Şota Rexviaşvili qeyd etdi ki, təhsil
baxımından fəal olaraq çalışırlar və bunu həyata keçirilən
layihələr də təsdiqləyir.
“Bu il müxtəlif istiqamətlərdə yerli büdcə, Regional
İnkişaf Fondu, Dövlət Büdcəsi və Bələdiyyənin İnkişafı Fondundan
Kvemo Kartlidə 106 məktəbdə bərpa işləri həyata keçiriləcək.
Ümumilikdə 16 ictimai məktəbin yeni binası olacaq” –
Şota Rexviaşvili deyir.
Yeni məktəbin inşasını Marneulinin mer vəzifəsini yerinə yetirən
Zaur Tabatadze əhəmiyyətli olaraq dəyərləndirdi və qeyd etdi ki,
oxşar layihələrin həyata keçirilməsini dəstəkləyirlər.
1 saylı ictimai məktəb illərdir ki, Marneulinin 8 saylı ictimai
məktəbinə sığınıb. Məktəbin inşası üçün tender təqribən 5 dəfə baş
tutmayıb. Tədris müəssisəsinin direktoru Ketevan Merabişvili böyük
gözlənti ilə yeni tədris ilinin başlamasını gözləyir. Onlar artıq
400-ə yaxın şagird qəbul edə biləcəklər.
İnşası milyon laridən artıq vəsaitə başa gələn məktəbdə hazırda
boyama və daxili işlər aparılır.
Məktəb xüsusi təhsil ehtiyacları olan şagirdlərə uyğunlaşdırılıb,
yeni məktəb ləvazimatları, təbiətşünaslıq laboratoriyası ilə təmin
olunub, açıq idman meydançası, həkim kabineti, yanğından mühafizə
sistemi də yaradılacaq.