Aytən Mehdiyeva “Mən gürcü dilində yazıram” adlı imla müsabiqəsinin qalibi olub (FOTO)
14 aprel tarixində Ana dili gününə həsr olunmuş “Mən gürcü dilində yazıram” adlı imla müsabiqəsinə qatılan Aytən Mehdiyeva müsabiqənin qalibi olub. Aytən Mehdiyeva Qardabani rayonunun Vaxtanqisi kəndində yaşayır. O, Vaxtanqisi bir saylı ictimai məktəbinin 9-cu sinif şagirdidir.

Aytən ona verilən 20 dəqiqə ərzində Beka Kuleli adlı yazıçının Qombori kəndi haqqında olan mətni ilə bağlı imla yazıb. Gürcüstanın müxtəlif bölgələrindən iştirak edən şagirdlər arasında Aytən yazdığı imlanı doğru və tez bir zamanda bitirərək müsabiqənin 3 qalibindən biri olub.
“Marneuli” radiosu ilə müsahibəsi zamanı Aytən Mehdiyeva gürcü dilini bilməyin vacibliyindən danışdı. O, bildirdi ki, Gürcüstanda yaşayırıqsa, getdiyimiz yerdə insanlarla rahat ünsiyyət qurmaq üçün dövlət dilini bilmək hər bir vətəndaşın borcudur.

Aytən deyir ki, ona gürcü dilini öyrənmək elə də çətin olmayıb. Çünki, müəllimi Azərbaycan dilini də biliyi üçün dərsi hər iki dildə başa salırmış. Aytən imlasını sərbəst şəkildə yazma səbəbindən də danışdı. Onun sözlərinə görə, getdiyi hazırlıq kursunda köməkçi müəllimi hər dəfə imla yazdırırmış və beləliklə o, imla yazmaqda çətinlik çəkməyib. İndi onun gələcəklə bağlı tək arzusu var.

Aytən Mehdiyeva gələcəkdə gürcü dili filoloqu olmaq istəyir və düşünür ki, filoloq olsa, bütün gənclərlə öz biliyini asan şəkildə bölüşəcək və onlara da dili öyrədəcək.

Qaliblər Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının təşəbbüsü və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilib. Yarışmanın əsas məqsədi dövlət dilinin təbliği, milli azlıqlardan olan şagirdlərin gürcü dilində yazı qabiliyyətlərinin inkişaf etdirilməsi olub.





Print Email
FaceBook Twitter Google