Birinci sinif şagirdlərinin qeydiyyatının
ikinci mərhələsi başlayıb.
Marneuli Təhsil Resurs Mərkəzinin direktoru
Kənan Ömərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, bu
mərhələdə məktəblərə qardaş-bacısı həmin məktəbdə təhsil alan,
valideyni məktəbin əməkdaşı olan şagirdlər, həmçinin, bir ailədən
iki və ya daha artıq uşaq birinci sinfə daxil olduğu halda
qeydiyyatdan keçə biləcəklər.
“Qeydiyyatın ikinci mərhələsi 2 may tarixində başlayıb
və 17 may tarixinədək davam edəcək. Qeydiyyatı ictimai məktəblər
həyata keçirir”, – Kənan Ömərov bildirdi.
Qeyd edək ki, 2019-2020-ci təhsil ili üçün 1-ci sinif şagirdlərinin
qeydiyyatı 4 mərhələdə həyata keçiriləcək.
1-ci mərhələ 25 mart 2019-cu ildə başlayıb və 5 aprelədək davam
edib, bu mərhələdə yalnız xüsusi təhsil ehtiyacları olan şagirdlər
qeydiyyatdan keçib.
3-cü mərhələdə ümumi elektron qeydiyyat həyata keçiriləcək. Bu
mərhələ isə 2019-cu il 21 maydan 12 iyunadək davam edəcək.
Qeydiyyat təhsilin idarə edilməsi məlumat sisteminin
veb-səhifəsində mümkün olacaq.
Dördüncü mərhələyə gəlincə isə, bu mərhələdə şagirdlərin qeydiyyat
və məktəbə qəbul üçün vacib olan sənədlərin qəbulu həyata
keçiriləcək. Bu mərhələ 2019-cu il 25 iyundan 5 iyuladək davam
edəcək.
Bundan əlavə, məktəblərdə əvvəlki mərhələlərdən qalmış boş yerlərə
1-ci, 2-ci və 3-cü mərhələlərdə qeydiyyatdan keçə bilməyən
şagirdlərin qeydiyyatı aparılacaq.
Təhsilin idarə edilməsi məlumat sisteminin veb-səhifəsində
yayımlanmış məlumata görə, şagirdin məktəbə qeydiyyatı üçün vacib
olan sənədlər bunlardır:
Şagirdin qanuni təmsilçisinin ərizəsi - ərizədə qanuni təmsilçinin
yaşayış yeri və telefon nömrəsi barədə məlumat olmalıdır və
Gürcüstan Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsində nəzərdə
tutulan digər tələblərə cavab verməlidir, qanuni təmsilçinin
şəxsiyyət vəsiqəsinin surəti və ya Gürcüstandan yaşama hüququ verən
sənədin (başqa ölkələrin vətəndaşları üçün) surəti. Başqa dildə
sənəd təqdim olunması halında həmin sənədin gürcü dilinə Gürcüstan
qanunvericiliyində nəzərdə tutulmuş qaydada tərcüməsi.
Şagirdlərin doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyətini təsdiq
edən sənədin surəti, Gürcüstandan yaşama hüququ verən sənədin
(başqa ölkələrin vətəndaşları üçün) surəti. Sənədin başqa dildə
təqdim olunması halında həmin sənədin gürcü dilinə Gürcüstan
qanunvericiliyində nəzərdə tutulmuş qaydada tərcüməsi.