Fürerin yeməklərinə zəhər
atılıb-atılmadığını yoxlamaq üçün 15 qadından ibarət bir qrup
olubmuş. 2013-cü ilə qədər bu barədə məlumat olmayıb. Edinburgh
festivalında nümayiş etdirilmiş yeni pyes bu barədə bəhs
edir.
Təsəvvür edin ki, yediyiniz hər bir boşqab yemək - səhər yeməyi,
nahar və şam yeməyi - sonuncu ola bilər, lakin onları istənilən
halda yeməlisən.
Üçüncü Reyxdəki bir qrup gənc qadın üçün bu, gündəlik reallıq idi:
İkinci Dünya Müharibəsinin son iki il yarım dövründə onlar Hitlerin
yeməklərinin dadına baxırdılar.
Fürer, əsl alman qanı axan bir qrup gənc qadından yeməklərin hər
birinin dadına baxmağı tələb edirdi. Belə bir tapşırıq şərəfli
xidmət növlərindən biri sayılırdı. O, müttəfiqlərdən və ya öz
ətrafından kiminsə onun yeməyinə zəhər atmaq istəməsindən ehtiyat
edirdi.
Bu gənc qadınların yaşadıqları heyrətedici həyat yalnız 2013-cü
ildə açıqlanıb, o zaman 95 yaşında olan Margot Wölk Almaniyanın Der
Spiegel jurnalına keçmiş vəzifəsi barədə məlumatı açıqlayıb.
Michelle Kholos Brooks-un "Hitlerin Dequstatorları" adlı pyesində
hər çəngəli ağzına apardıgın zaman həyatının risk altına düşməsinin
nə olduğu göstərilir.
Bu pyes ABŞ-da ölkə boyu müxtəlif teatrlarda göstərilib, indi isə
dünyanın ən irimiqyaslı incəsənət festivalı sayılan Edinburgh
festivalında nümayiş etdirilib.
Bu pyesdəki aktyorlar yalnız qadınlardır - gerçək həyatda Hitlerin
15 dequstator qadını olub.
Həmin qadınlar Hitlerin Şərqi Prussiyadakı (müasir Polşa ərazisi)
Şərq Cəbhəsi qərargahında, Canavar Mağarası adlı istehkamın yanında
yerləşən bir məktəb binasında yaşayıbılar.
Brooks Hitlerin yeməklərini yoxlayan qadınlar barədə təsadüfən
eşidib - yazıçı dostlarından biri aeroportda uçuşu gözləyərkən
vaxtı öldürmək üçün bu barədə ona danışıb. "Mən ondan soruşdum,
bunu yazacaqmı? Yazmayacağı halda özüm bunu yazacaqdım", - Brooks
xatırlayır.
Brooks-a bu əhvalat olduqca maraqlı görünüb.
Bu əhvalatda Brooks üçün vacib olan bütün mövzular var idi: gənc
qadınlarla rəftar, müharibə dövründə uşaqların aqibəti, yeniyetmə
qızların üzləşdiyi çətinliklər, siyasi manipulyasiyalar və bu kimi
digər mövzular.
Bütün bunlar tamaşaçıya, dinləyiciyə ağır təsir göstərə bilər, amma
bu tamaşa əslində komediyadır - lap "qara komediya" olsa da
belə.
Brooks bu pyesi müvafiq tarixi zaman kəsiyinə yerləşdirsə də,
pyesdə barələrində bəhs edilən gənc qadınların müasir dövrün
yeniyetmələri olduqlarını da nəzərə alıb.
Qızlar pop musiqisi sədaları altında rəqs edirlər, selfi
çəkdirirlər, Frank Sinatra, Clark Gable və Hitleri müzakirə
edirlər, kaliforniyalı qızlar kimi danışırlar, amma sonra da
yəhudilərin ünvanına nifrət dolu sözlər söyləyirlər.
"Mən bu qızlara baxıb, onların selfi çəkmək həvəsini görüb anladım
ki, onlar elə öz yaşlarına uyğun olan, adi qızlardır. Yalnız zaman
kəsiyi, tarixi dövr fərqlidir, qızlar isə elə həmin qızlardır, yəni
başqalarından fərqlənməyən qızlardır, - Brooks qeyd edir. - Mən bu
obrazlara keçmiş tarixdə qalmış insanlara kimi baxılmasını
istəmirdim - istəyirdim ki, onlar müasir obrazlar kimi qəbul
olunsun."
Bu pyesdə İkinci Dünya Müharibəsinin qeyd olunmuş epizodundan
istifadə edilərək gənc qadın olmağın nə olduğundan bəhs edilir.
Pyesdə göstərilir ki, Hitlerin qadın dequstatorları hər gün risklə
qarşılaşsalar da, eyni zamanda, onların həyatı çox adi və hətta
darıxdırıcı tərzdə keçib.
Müharibə illərini yaşamış bir çox insanların həyat tərziylə
müqayisədə qadın dequstatorların vəziyyəti heç də pis deyildi -
1944-cü ildə Almaniyada bir çox insan aclıq çəkib, dequstator
qadınlar isə gündə 3 dəfə bol yemək yeyiblər.
Əlbəttə, onların yeməkləri vegetarian yeməklər idi, - Hitler məşhur
vegetarian olub - Wölk xatırlayırdı ki, yeməklər tərəvəz, düyü,
makaron, vermişel və ekzotik meyvələrdən hazırlanıb.
O qeyd edib ki, yeməklər "çox keyfiyyətli" olsa da, qadın
dequstatorlar həmin yeməklərdən ləzzət ala bilməyiblər.
"Qızlardan bəziləri həmin yeməkləri yeməyə o dərəcədə qorxurdular
ki, yeməyə başlayanda ağlayırdılar," - Wölk 2013-cü ildə verdiyi
müsahibəsində qeyd etmişdi.
"Biz o yeməkləri axıradək yeməli idik. Sonra biz bir saat ərzində
gözləməli idik. Və hər dəfə biz qorxurduq ki, xəstələnə bilərik.
Sağ qaldığımıza elə sevinirdik ki, sevincdən it kimi
ulaşırdıq."
Yeməyi SS bölməsinin üzvləri qaba çəkib gətirirdilər, sonra isə bir
saat ərzində gözləyib baxırdılar ki, görsünlər yeməkdən kimsə ölür
ya yox və hər şey qaydasında olanda yemək Hitlerə aparılırdı.
Yeməkarası vaxt ərzində gənc qadınların bir yerdə oturub
yediklərinin onlara necə təsir göstərəcəyini gözləməkdən başqa
edəcəkləri bir iş yox idi.
"Onların yerində olmaq, onların, vaxtı necə öldürdüklərini,
darıxdırıcılıqla necə mübarizə apardıqlarını görmək deməkdir, -
Brooks izah edir. - Onlar nə barədə danışır? Mənə elə gəlir ki, bu
vəziyyətdən çıxmaq üçün onlar gənc qız olduqlarını unutmamalı
idilər: bir-birinin saçını hörməli, danışıb-gülməli, şənlənməli
idilər və bir sərsəmlik baş verdiyinin fərqində olmalı idilər."
"Məlumatlara görə, reallıqda qızlardan heç kim zəhərlənməmişdi.
Lakin Wölk-un müsahibəsi olmasaydı, bu barədə heç zaman məlum
olmayacaqdı. Hitlerin dequstatorlarından sağ qalan, deyəsən yalnız
o idi".
Rusiya qoşunları irəliləyəndə alman hərçilərdən biri Wölk-u Joseph
Goebbels-in Berlinə yollanan qatarına otuzdurur.
Güman olunduğuna görə, bütün başqa dequstator qızlar Sövet
əsgərləri tərəfindən güllələnmişdilər.
Bu cür əhvalatdan komediya düzəltmək "riskli bir iş ola bilərdi",
Brooks etiraf edir.
Onun təbirincə, bəzi insanlar ondan soruşurlar ki, pyesə baxılan
zaman gülmək olarmı, bəziləri isə hətta tamaşaya baxmaqdan belə
imtina edirlər.
"Bəzi insanlar deyirlər ki, onlar tamaşaya baxmaq istəmirlər, çünki
dəhşətli hadisələrin gülüş doğurduğunu görmək istəmirlər. Lakin biz
Hitlerlə sövdələşmə bağlamamışıq, biz onu xoşlamırıq!" - Brooks
zarafat edir, çünki bunu deməyə heç ehtiyac da yoxdur.
"Hitlerin Dequstatorları" pyesi bu gənc və günahsız qadınlarla
birgə gülməyə dəvət edən tamaşa olmaqla yanaşı meloman faşistlərə
üstün gəlməyin bir yolunun da onlara gülməyin olduğunu
göstərir.
mənbə: BBC