“SOCAR” təhsil haqqını ödəməyə davam edəcək yayılan məlumatlar yanlışdır - FOTO
Ötən
gün sosial şəbəkədə “SOCAR Georgia”-nın bu il dövlət
universitetlərinə qəbul olan tələbələrin təhsil haqqını ödəməyəcəyi
ilə bağlı məlumat paylaşılmışdı.
Sosial şəbəkədə paylaşılmış WhatsApp ekran görüntüsündə “SOCAR”-ın
Gürcüstandakı nümayəndəliyinin əməkdaşı Faiq Hüseynovla bir tələbə
arasında olan yazışmanı görmək olurdu. Qısa mesaj zamanı
F.Huseynovun “SOCAR”-da yetərli büdcə olmadığından bu ildən
etibarən ödənişlərdə dəyişiklik olduğu və yalnız 2018-ci ildə
dövlət universitetinə qəbul olanların təhsil haqlarının ödənəcəyi
qeyd olunub. Məsələyə aydınlıq gətirmək üçün “Marneuli” radiosu
“SOCAR”-ın Gürcüstan Gürcüstandakı nümayəndəliyinin əməkdaşı Faiq
Hüseynovla əlaqə saxladı.
Məlumatı təkzib edən F.Hüseynov bildirdi ki, yazılanlar yalan
məlumatdır və onun bu haqda xəbəri yoxdur.
“Bu sadəcə vicdansızlıqdır. Bu məlumatı yayan kimdir?
Hansı tələbədir? Biz bu məlumatı paylaşan şəxsi axtarırıq. Mən bu
gün 1700 tələbədən heç olmazsa 300 nəfərə məlumat vermişəm və o
şəxsin tapılmasını istəyirəm”, – Faiq Hüseynov
dedi.
Yeni tədris ilinin bu gün başladığını deyən Hüseynov tələbələrə
müraciət edərək yanlış məlumatlara inanmamalarını söylədi.
“Mən o yazını paylaşmamışam. Bizə ödənişlə bağlı hələ
ki, heç bir məlumat daxil olmayıb. Biz tələbələri sevmişik, sevirik
və daima onların qayğısını çəkəcəyik”, – Faiq
Hüseynov qeyd etdi.
O, həmçinin əlavə etdi ki, hər il olduğu kimi, bu il də ödənişlər
olacaq və təhsil haqqının ödənişi ilə bağlı hər hansı məlumat
olduğunda bu barədə tələbələrə xəbərdarlıq ediləcək.