Əslən Marneulidən olan gənc “Texnofest-Azərbaycan”-ın qalibləri sırasında yer alıb (VIDEO/FOTO)
26-29 may tarixlərində Bakı şəhərində “Texnofest-Azərbaycan” festivalı keçirildi. “Texnofest-Azərbaycan” festivalında əslən Marneuli rayonun Dəmyə Görarxı kəndindən olan Nihat Süleymanlı da iştirak edib. O, festivalın qalibləri sırasında yer alıb.

17 yaşlı Nihat Süleymanlı Bakı şəhərində yaşayır, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alır. O, festivalda birinci olan “Baku Stark” komandasının üzvüdür. “Baku stark” komandası festivala bir layihə ilə qatılıb. Həmin layihənin adı isə “Smart Helmet”-dir. Süleymanlı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onların hazırladığı “Smart Helmet” vasitəsi ilə tikintidə çalışan insanların həyatını qəza baş verən zaman xilas etmək mümkün olacaq.

“Ağıllı dəbilqə və bu dəbilqənin içində ürək sensoru, temperatur sensoru, GPS, qaz sensoru və hətta zərbə sensoru kimi sensorlar var. Hansı ki, insanın hiss etmədiyi qazları və yaxud zərbə olduğu zaman avtomatik olaraq onun hamısını bir bazada göstərir. Kaskın özü siqnal verir. GPS vasitəsi ilə biz insanın harada olduğunu tam dəqiq öyrənə bilərik. Temperatur və nəbz sensoru isə insanın daima hərarətini və nəbzini yoxlayır. Veb bazada, baş usta tərəfindən nəzarətdə saxlanılır. Gündəlik dünya üzrə 7 500-8 000 insan iş mühitində həyatını itirir. Yəni səhlənkarlıq və məsuliyyətsizlik, bunların hamısı ölümə gətirib çıxardır. Bizim əsas fikrimiz o idi ki, bu ölüm rəqəmini maksimal dərəcədə azaldaq. İşlətdiyimiz sensorlar vasitəsi ilə biz düşünürük ki, çalışdığımız qədər bu rəqəmi azalda bilərik. Əgər hər bir işçi kaskı normal işlədərsə, bu risklər azalar”.


“Baku Stark” komandası “Texnofest-Azərbaycan” festivalına bir həftə qalmış qeydiyyatdan keçib. Süleymanlının sözlərinə görə, onlar ilk mərhələni uğurla keçiblər və bu da komanda üzvlərini həvəsləndirib.

“Biz son üç ay ərzində prototipimizi hazırladığımız zaman birinci və ikinci turu ən yüksək nəticə ilə keçdik. Bu bizi daha da özümüzə inamımızı artırdı və bizi daha çox ilhamlandırdı. Biz dedik ki, əgər biz birinci və ikinci turu ən yüksək balla keçmişiksə, finalda da birinci olacağıq. Biz öz gücümüzə heç vaxt şübhə etmədik. Komanda işi və komanda birliyi qalib gəldi. Mən həmişə demişdim ki, biz bir komandayıq və biz hər şeyi bacaracağıq. Hətta elə olub ki, biz günlərlə texnolabda, yəni işlədiyimiz laboratoriyada qalmışıq. Səhəri gün mentorun özü gəlib görəndə ki, biz orada qalmışıq, daha da həvəslənirdi və deyirdi ki, mən yaxşı komandaya düşmüşəm”.


Nihat Süleymanlının sözlərinə görə, iki qardaş dövlətin prezidentləri tərəfindən təltifnamə və kubok almağın özü çox böyük şərəfdir.

“Uğur qazanmağın özü çox gözəl bir hissdir. İki qardaş dövlətin prezidentləri tərəfindən təltifnamə və kubok almağın özü çox böyük şərəfdir. Mən bu hissi sizə sözlərlə ifadə edə bilməyəcəyəm. Hər kəsin özü gərək o hissi yaşasın. Onda həmin adam başa düşəcək ki, uğur qazanmaq, qalib olmaq nə deməkdir. Sadəcə bu emosionallıqdır. Məncə dünyada bunun kimi fəxr edəcək bir şey yoxdur. Yəni bu yaşda ona layiq olmaq, hər adamın qismətinə yazılmayıb. Belə deyək, bizim əziyyətimiz və yuxusuz gecələrimizin hamısı qarşılandı. Prezidentlərin qabağında çıxışlar isə bizi çox sevindirir və biz bilmirdik ki, necə reaksiya verək. Bizim komandamız çox əziyyət çəkdiyinə, çox məsuliyyətli yanaşdığına, işinə məsuliyyətlə yanaşdığına görə, bizim komanda uğur qazandı. Azərbaycan üzrə A kateqoriyasında birinci yeri tutduq. Bu bizi çox şərəfləndirdi və bizim peşə adını yuxarı səviyyəyə qaldırdı. Biz buna çox sevinirik”.


“Baku Stark” komandası Almaniyada keçiriləcək yarışa hazırlaşır. Komandanın üzvü Nihat Süleymanov ümid edir ki, həmin yarışda da qələbə qazanacaqlar.

“Hətta biz bu sahəni indi də davam etdiririk. Yəni “Baku Stark” komandası adında iki komanda çıxacaq. Hal-hazırda bir komanda vero üzrə robot olimpiadasına iştirak etmək üçün çalışır. Yarışda robota verilən bəzi tapşırıqların yerinə yetirildiyi zaman sizə bal verilir və o ballar üzərindən birinci yerə çıxılır. Birinci yeri qazanan komanda Almaniyada yarışda iştirak edir. İnşallah bizim də hədəfimiz finaldır. Yəni texnofestdə necə özümüzə inanaraq o işi görmüşdüksə, vero yarışında da qalib gəlmək üçün özümüzə inanırıq. İnşallah birinciliyə nail olarıq”.


Süleymanlının uşaqlıqdan radio-detallara marağı olub. Elə buna görə də bu sahədə təhsilini davam etdirir.

“Mənim ən sevdiyim işlərdən biri, proqram yazmaq, elektron detalları birləşdirməkdir. Bunun kimi işləri görməyi çox sevirəm. Balacalıqdan mənim radio-detallara marağım var idi. Bir az böyüdükdən sonra 8-9-cu sinifdə mən proqram dilini öyrənməyə başladım. 9-cu sinifdə məktəbdən çıxdım və daha sonra peşə litseyinə qəbul oldum. Litseyə qəbul olduğum zaman mən artıq proqram dillərindən bəzilərini bilirdim”.

Nihat Süleymanlı gələcəkdə yeni startaplarını xarici ölkələrdə hazırlamağı düşünür. O, orada da uğur qazanmağı qarşısına hədəf qoyub.

“Hal-hazırda işlədiyimiz startapların üzərində çox çalışırıq. Bacardığımız qədər bütün startapları yerinə yetirməyə çalışacağıq. Gələcəkdə fikirləşirəm ki, başqa ölkəyə gedim və orada bir startapa başlayım. Çünki həm orada daha fərqli bir hisslər olacaq. Həm də daha bir atmosfer olacaq. Ora daha çətin olacaq. Oraların qaydaları başqadır. Hər şey başqadır. Mənim özüm çətinliyi sevən bir insanam. Ona görə də mən fikirləşirəm ki, gələcəkdə başqa bir yad ölkəyə gedim və orada uğur qazanmağa çalışım. Əgər bu alınsa, mən özümü qalib insan kimi görəcəyəm. Yəni başqa ölkələrdə uğur qazanmaq asan iş deyil. Mən düşünürəm ki, biz komanda olaraq hər şeyi bacaracağıq. Biz özümüzə çox inamlıyıq. Bizi heç kim həvəsdən sala bilməz. Bunun özü də çox gözəl bir hissdir”.


Süleymanlı düşünür ki, texnologiya gələcəyin sahəsidir. O, buna görə də bu sahəni davam etdirməyi düşünür.

“Bildiyiniz kimi artıq bir çox şeylər kompüterlə, telefonla idarə olunur. Düşünürəm ki, gələcəkdə seçdiyim sənətmi deyim, sahəmi deyim, heç də mənə çətinlik çəkdirməyəcək. Daha da mənim üçün çox asan olacaq. Onlar vasitəsi ilə mən gələcəkdə çox irəli gedəcəyəm”.

“Baku Stark” komandasının daha bir üzvü olan 17 yaşlı İsmayıl İsmayılovun sözlərinə görə, festivalda iştirak etmək onun ən böyük istəklərindən biri olub.

“Belə gözəl festivalda yer almaq, xoşbəxt olduğu qədər, qürürverici və həyəcanlı idi. Gənc yaşımızda festivalda iştirak etmək qazandığımız ən böyük nailiyyətdir. Xüsusilə onu deyim ki, birincilik bizim həyatımıza qızıl hərflərlə yazıldı. Biz qazandığımız uğurun sayəsində gələcəkdə hər hansı bir şirkətdə, özəl sektorlarda, xarici ölkələrdə, başda Türkiyə olmaqla, asanlıqla özümüzü inkişaf etdirməyə şans yaratdıq. Bu bizim üçün böyük bir şansdır”.


17 yaşlı İlkin Səfərli “Baku stark” komandasının veb dizayneridir. O, bu cür festivalda iştirak etməyin çox gözəl bir hiss olduğunu deyir.

“17 yaşda belə bir uğur əldə etmək mənə motivasiya verir. Bu yarış mənə gələcəkdəki festivallara, yarışlara qatılmaq şansı yaradır. Gələcəkdə daha gözəl uğurlar qazanacağmıza inanıram”.

Qeyd edək ki, festival “Türkiyə Texnologiya Komandası” — T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olan "Texnofest" ilk dəfə 2018-ci ildə Türkiyədə keçirilib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google