Əslən Marneulidən olan gənc “Texnofest-Azərbaycan”-ın qalibləri sırasında yer alıb (VIDEO/FOTO)
13:39 / 09.06.2022
26-29 may tarixlərində Bakı şəhərində “Texnofest-Azərbaycan”
festivalı keçirildi. “Texnofest-Azərbaycan” festivalında əslən
Marneuli rayonun Dəmyə Görarxı kəndindən olan Nihat Süleymanlı da
iştirak edib.
O, festivalın qalibləri sırasında yer alıb.
17 yaşlı Nihat Süleymanlı Bakı şəhərində yaşayır, Rabitə və
İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
təhsil alır. O, festivalda birinci olan “Baku Stark” komandasının
üzvüdür. “Baku stark” komandası festivala bir layihə ilə qatılıb.
Həmin layihənin adı isə “Smart Helmet”-dir. Süleymanlı “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, onların hazırladığı “Smart
Helmet” vasitəsi ilə tikintidə çalışan insanların həyatını qəza baş
verən zaman xilas etmək mümkün olacaq.
“Ağıllı dəbilqə və bu dəbilqənin içində ürək sensoru,
temperatur sensoru, GPS, qaz sensoru və hətta zərbə sensoru kimi
sensorlar var. Hansı ki, insanın hiss etmədiyi qazları və yaxud
zərbə olduğu zaman avtomatik olaraq onun hamısını bir bazada
göstərir. Kaskın özü siqnal verir. GPS vasitəsi ilə biz insanın
harada olduğunu tam dəqiq öyrənə bilərik. Temperatur və nəbz
sensoru isə insanın daima hərarətini və nəbzini yoxlayır. Veb
bazada, baş usta tərəfindən nəzarətdə saxlanılır. Gündəlik dünya
üzrə 7 500-8 000 insan iş mühitində həyatını itirir. Yəni
səhlənkarlıq və məsuliyyətsizlik, bunların hamısı ölümə gətirib
çıxardır. Bizim əsas fikrimiz o idi ki, bu ölüm rəqəmini maksimal
dərəcədə azaldaq. İşlətdiyimiz sensorlar vasitəsi ilə biz düşünürük
ki, çalışdığımız qədər bu rəqəmi azalda bilərik. Əgər hər bir işçi
kaskı normal işlədərsə, bu risklər azalar”.
“Baku Stark” komandası “Texnofest-Azərbaycan” festivalına bir həftə
qalmış qeydiyyatdan keçib. Süleymanlının sözlərinə görə, onlar ilk
mərhələni uğurla keçiblər və bu da komanda üzvlərini
həvəsləndirib.
“Biz son üç ay ərzində prototipimizi hazırladığımız
zaman birinci və ikinci turu ən yüksək nəticə ilə keçdik. Bu bizi
daha da özümüzə inamımızı artırdı və bizi daha çox ilhamlandırdı.
Biz dedik ki, əgər biz birinci və ikinci turu ən yüksək balla
keçmişiksə, finalda da birinci olacağıq. Biz öz gücümüzə heç vaxt
şübhə etmədik. Komanda işi və komanda birliyi qalib gəldi. Mən
həmişə demişdim ki, biz bir komandayıq və biz hər şeyi bacaracağıq.
Hətta elə olub ki, biz günlərlə texnolabda, yəni işlədiyimiz
laboratoriyada qalmışıq. Səhəri gün mentorun özü gəlib görəndə ki,
biz orada qalmışıq, daha da həvəslənirdi və deyirdi ki, mən yaxşı
komandaya düşmüşəm”.
Nihat Süleymanlının sözlərinə görə, iki qardaş dövlətin
prezidentləri tərəfindən təltifnamə və kubok almağın özü çox böyük
şərəfdir.
“Uğur qazanmağın özü çox gözəl bir hissdir. İki qardaş
dövlətin prezidentləri tərəfindən təltifnamə və kubok almağın özü
çox böyük şərəfdir. Mən bu hissi sizə sözlərlə ifadə edə
bilməyəcəyəm. Hər kəsin özü gərək o hissi yaşasın. Onda həmin adam
başa düşəcək ki, uğur qazanmaq, qalib olmaq nə deməkdir. Sadəcə bu
emosionallıqdır. Məncə dünyada bunun kimi fəxr edəcək bir şey
yoxdur. Yəni bu yaşda ona layiq olmaq, hər adamın qismətinə
yazılmayıb. Belə deyək, bizim əziyyətimiz və yuxusuz gecələrimizin
hamısı qarşılandı. Prezidentlərin qabağında çıxışlar isə bizi çox
sevindirir və biz bilmirdik ki, necə reaksiya verək. Bizim
komandamız çox əziyyət çəkdiyinə, çox məsuliyyətli yanaşdığına,
işinə məsuliyyətlə yanaşdığına görə, bizim komanda uğur qazandı.
Azərbaycan üzrə A kateqoriyasında birinci yeri tutduq. Bu bizi çox
şərəfləndirdi və bizim peşə adını yuxarı səviyyəyə qaldırdı. Biz
buna çox sevinirik”.
“Baku Stark” komandası Almaniyada keçiriləcək yarışa hazırlaşır.
Komandanın üzvü Nihat Süleymanov ümid edir ki, həmin yarışda da
qələbə qazanacaqlar.
“Hətta biz bu sahəni indi də davam etdiririk.
Yəni “Baku Stark” komandası adında iki komanda çıxacaq. Hal-hazırda
bir komanda vero üzrə robot olimpiadasına iştirak etmək üçün
çalışır. Yarışda robota verilən bəzi tapşırıqların yerinə
yetirildiyi zaman sizə bal verilir və o ballar üzərindən birinci
yerə çıxılır. Birinci yeri qazanan komanda Almaniyada yarışda
iştirak edir. İnşallah bizim də hədəfimiz finaldır. Yəni
texnofestdə necə özümüzə inanaraq o işi görmüşdüksə, vero yarışında
da qalib gəlmək üçün özümüzə inanırıq. İnşallah birinciliyə nail
olarıq”.
Süleymanlının uşaqlıqdan radio-detallara marağı olub. Elə buna görə
də bu sahədə təhsilini davam etdirir.
“Mənim ən sevdiyim işlərdən biri, proqram yazmaq,
elektron detalları birləşdirməkdir. Bunun kimi işləri görməyi çox
sevirəm. Balacalıqdan mənim radio-detallara marağım var idi. Bir az
böyüdükdən sonra 8-9-cu sinifdə mən proqram dilini öyrənməyə
başladım. 9-cu sinifdə məktəbdən çıxdım və daha sonra peşə
litseyinə qəbul oldum. Litseyə qəbul olduğum zaman mən artıq
proqram dillərindən bəzilərini bilirdim”.
Nihat Süleymanlı gələcəkdə yeni startaplarını xarici ölkələrdə
hazırlamağı düşünür. O, orada da uğur qazanmağı qarşısına hədəf
qoyub.
“Hal-hazırda işlədiyimiz startapların üzərində
çox çalışırıq. Bacardığımız qədər bütün startapları yerinə
yetirməyə çalışacağıq. Gələcəkdə fikirləşirəm ki, başqa ölkəyə
gedim və orada bir startapa başlayım. Çünki həm orada daha fərqli
bir hisslər olacaq. Həm də daha bir atmosfer olacaq. Ora daha çətin
olacaq. Oraların qaydaları başqadır. Hər şey başqadır. Mənim özüm
çətinliyi sevən bir insanam. Ona görə də mən fikirləşirəm ki,
gələcəkdə başqa bir yad ölkəyə gedim və orada uğur qazanmağa
çalışım. Əgər bu alınsa, mən özümü qalib insan kimi görəcəyəm. Yəni
başqa ölkələrdə uğur qazanmaq asan iş deyil. Mən düşünürəm ki, biz
komanda olaraq hər şeyi bacaracağıq. Biz özümüzə çox inamlıyıq.
Bizi heç kim həvəsdən sala bilməz. Bunun özü də çox gözəl bir
hissdir”.
Süleymanlı düşünür ki, texnologiya gələcəyin sahəsidir. O, buna
görə də bu sahəni davam etdirməyi düşünür.
“Bildiyiniz kimi artıq bir çox şeylər kompüterlə,
telefonla idarə olunur. Düşünürəm ki, gələcəkdə seçdiyim sənətmi
deyim, sahəmi deyim, heç də mənə çətinlik çəkdirməyəcək. Daha da
mənim üçün çox asan olacaq. Onlar vasitəsi ilə mən gələcəkdə çox
irəli gedəcəyəm”.
“Baku Stark” komandasının daha bir üzvü olan 17 yaşlı İsmayıl
İsmayılovun sözlərinə görə, festivalda iştirak etmək onun ən böyük
istəklərindən biri olub.
“Belə gözəl festivalda yer almaq, xoşbəxt olduğu qədər,
qürürverici və həyəcanlı idi. Gənc yaşımızda festivalda iştirak
etmək qazandığımız ən böyük nailiyyətdir. Xüsusilə onu deyim ki,
birincilik bizim həyatımıza qızıl hərflərlə yazıldı. Biz
qazandığımız uğurun sayəsində gələcəkdə hər hansı bir şirkətdə,
özəl sektorlarda, xarici ölkələrdə, başda Türkiyə olmaqla,
asanlıqla özümüzü inkişaf etdirməyə şans yaratdıq. Bu bizim üçün
böyük bir şansdır”.
17 yaşlı İlkin Səfərli “Baku stark” komandasının veb dizayneridir.
O, bu cür festivalda iştirak etməyin çox gözəl bir hiss olduğunu
deyir.
“17 yaşda belə bir uğur əldə etmək mənə motivasiya
verir. Bu yarış mənə gələcəkdəki festivallara, yarışlara qatılmaq
şansı yaradır. Gələcəkdə daha gözəl uğurlar qazanacağmıza
inanıram”.
Qeyd edək ki, festival “Türkiyə Texnologiya Komandası” — T3 Fondu,
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin
təşkilatçılığı ilə baş tutub. Dünyanın ən böyük texnologiya, mülki
və hərbi aviasiya festivalı olan "Texnofest" ilk dəfə 2018-ci ildə
Türkiyədə keçirilib.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166