17 iyun tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə
qeyri-formal təhsil üzrə işləyən Kant Akademiyası və BMT-nin Uşaq
Fondunun “Sağlamlıq üçün hərəkət et” kampaniyasının yekun görüşü və
ideyaton keçirildi.
Kovid-19 pandemiyasının nəticələrinə cavab olaraq Kant Akademiyası
və BMT-nin Uşaq Fondu Gürcüstanın 5 regionunda yaşayan gənclər üçün
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə
“Sağlamlıq üçün hərəkət et” kampaniyasını həyata keçirdi.
Layihə Marneulidə “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya
Mərkəzi” və “Kant Akademiyası”nın əməkdaşlığı çərçivəsində baş
tutdu. “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin
icraçı direktoru Orxan Pirverdiyevin sözlərinə görə, bu layihədə
yalnız mərkəzin tələbələri iştirak edirdi və onlar təlimlərdə
yüksək təcrübələr əldə etdilər.
“Layihə çərçivəsində “Gürcüstan Azərbaycanlılarının
İnteqrasiya Mərkəzi”nin 50-yə yaxın gənci müxtəlif mövzular üzrə
təlimlərdə iştirak etdi. Onlara gigiyena, sahibkarlıq, liderlik və
sağlam həyat tərzi ilə bağlı təlimlər keçirildi. Marneuli üzrə və
Kvemo Kartli bölgəsində Kant Akademiyası ilə əməkdaşlığı yalnız
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”
etdi”, – Orxan Pirverdiyev dedi.
Layihənin məqsədi yeniyetmələrdə sağlam həyat tərzinin
populyarlaşdırılması və gigiyena prinsipləri barədə məlumatlandırma
səviyyəsinin artırılması vasitəsi ilə pandemiyanın yayılmasının
qarşının alınmasıdır.
Təşəbbüs çərçivəsində Axaltsixe, Çiatura, Marneuli, Pankisi və Şida
Kartlinin sərhədyanı kəndlərindən olan 13-dən 18 yaşa qədər
yeniyetmələrə mental və duyğusal transformasiya, sağlam həyat
tərzi, təhlükəsiz gigyenanın əhəmiyyəti barədə təlimlər keçirildi.
Bundan əlavə, gənclər sahibkarlıq və marketinqin əsas prinsipləri
ilə tanış olmaq imkanı əldə etdilər.
“Kant Akademiyası"nın təsisçilərindən olan Marexi Qvaramadze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildiri ki, onlar gənclərə
maraqlı ideyalar təqdim etdilər və iştirakçılar həmin ideyaları
müsbət qarşıladılar.
“Bu proqramın məqsədi gənclərdə sağlam həyat tərzinin
populyarlaşdırılmasıdır. Biz artıq ikinci dəfədir, Marneuliyə
gəlmişik. İki günlük təlim keçirdik. Məqsəd gənclərdə sağlam həyat
tərzinin populyarlaşdırılması və sahibkarlıq baxışlarının inkişaf
etdirilməsidir. Yeniyetmələrə özlərinin sağlamlıqla əlaqədar
məhsulları, məsələn, sabunu necə yarada biləcəklərini öyrədirik.
Gənclər eləcə də çox maraqlı eksperimentlərin iştirakçısı oldular.
Bu gün ideyatonumuz olacaq. Yəni gənclərin məhz sağlam həyat tərzi
mövzusunda yaratdğı ideyaları müzakirə edəcəyik. Layihə çox
uğurludur. Sevinirik ki, Marneuli bu layihəyə fəal şəkildə
qoşulacaq. Azərbaycanlılar İttifaqı bu layihənin yerli səviyyədə
tərəfdaşıdır. Fəal, maraqlı gənclər var. Maraqlı ideyalar təqdim
etdilər. Biz gələcəkdə Marneulili gənclərlə daha fəal əməkdaşlıq
etməyi planlaşdırırıq”, – Marexi Qvaramadze dedi.
Layihə həmyaşıdların təhsil komponentini nəzərdə tutur. Proqramın
gedişatı zamanı 50 “Səhiyyə sahibkarı” hazırlandı. Onlar öz
icmasında, kənd və ya şəhərdə həmyaşıdları ilə məlumat xarakterli
görüşlər keçirdilər və onlara sağlam həyat tərzi, şəxsi gigiyenanın
müasir yanaşmaları ilə tanış etdilər.
Akademiyanın təsisçisinin sözlərinə görə, Gürcüstanda ilk dəfə
təşəbbüs çərçivəsində Kant Akademiyası fərdi inkişaf modulu
yaradıb.
“Həmin modul insanın üç intellektini nəzərdə tutur:
Mental və eləcə də fiziki sağlamlıq istiqamətində sağlam həyat
tərzinin kəskin fundamentini yaradan ağıl və bədənin
transformasiyası. Məhz qeyd olunan modul çərçivəsində ilk dəfə
fərdi inkişaf proqramı kontekstində fiziki fəaliyyətlər tətbiq
olunub və gənclərə bədən tərbiyəsi barədə nəzəri sessiyalar
keçirildi. Sessiyalarda fiziki məşqlərin əsas yanaşmalarını
öyrəndilər”, – Marexi Qvaramadze bildirdi.
Layihənin yekun mərhələsində ideyatonlar keçirildi və gənclər əldə
etdikləri biliklərdən irəli gələrək, komanda şəklində ideyalar
təqdim etdilər. Həmin ideyalar sağlam həyat tərzi ilə əlaqədar
oldu. Təlimdə iştirak edən gənclər bildirdilər ki, bu cür layihələr
onların inkişafına müsbət təsir göstərir.
“Bu görüş çox maraqlı idi. Biz burdan başqa-başqa bir
şeylər öyrəndik. Mən düşünürəm ki, bu cür layihələr olsa, daha
yaxşı olar. Məsələn, biz daha çox öyrənərik. Mən burda ingilis
kursuna gəlirəm. Bizə belə bir xəbər gəldi ki, bu cür layihə var.
Mən də qatıldım”, – Şərif Səfərov dedi.
“Hər şey çox maraqlıdır. Bu gün layihə hazırladıq. Hər
bir iştirakçının öz qrupu var. Bizim qrup sağlamlıq barədə layihə
hazırladı”, – tədbirdə iştirak edən tələbə
bildirdi.
Qeyd edək ki, Marneulidən layihəyə 50-ə yaxın gənc qoşulub.
Ümumilikdə isə 5 regiondan 1 500-ə yaxın gənc iştirak edirdi.