24 iyun tarixində 2022-ci ilin Milli Müəllim Mükafatının ilk onluğu
müəyyən edilib. Müsabiqə iştirakçıları arasında Marneuli
bələdiyyəsinin Xocorni kənd ictimai məktəbinin gürcü dili ikinci
dil kimi müəllimi də var.
Lali Marqiani artıq beş ildir ki, etnik azlıqlara dövlət dilinin
öyrədilməsinə dəstək olur. Pedaqoq ilk onluğa düşməsi barədə
məlumatı telefon zəngi vasitəsi ilə öyrənib. Özünün dediyinə görə,
bu xəbər onun üçün gözlənilməz, eyni zamanda da sevindirici
olub.
“İştirak etməyə çəkinirdim. Sonuncu gün Natia Davitadze
və Lamara Bolkvadze müraciət formasını doldurmağıma təkan verdilər.
Müsahibə mərhələsinə keçdim, Həyəcan da elə ondan başladı. Çox
dəyərli müəllimlər iştirak edirlər, məndən milyon dəfə daha yaxşı
müəllimlər... Heç gözləmirdim. Zəng gəldi və məni təbrik etdilər,
inanmırdım. İndi də eyforiyadayam, bu mənim üçün o qədər böyük
hissdir. İlk onluğa düşmək daha çox məsuliyyət, daha çox motivasiya
və stimuldur. Bu mənim üçün artıq qələbədir. Məni dəstəkləyən,
inanan və bu mükafata həqiqətən layiq olduğunu düşünən hər kəsə
minnətdaram”, – Lali Marqiani bildirdi.
Gürcüstan miqyasında Milli Müəllim Mükafatına ümumilikdə 771
pedaqoq təqdim olunub. Onlardan 94-ü müraciəti doldurub. Kvemo
Kartlidən, həmçinin, Tsalka bələdiyyəsinin Qumbati ictimai
məktəbinin gürcü dili və ədəbiyyatı, ingilis dili müəllimi İra
Dzirkvadze də ilk onluqda yer alıb.
Milli Müəllim Mükafatı Təhsil Koalisiyasının, Elm və Təhsil
Nazirliyinin, Müəllimlərin Peşəkar İnkişaf Milli Mərkəzinin
arasında bağlanmış memorandum əsasında 2017-ci ilin 13 mayında
təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 6-cı dəfədir
həyata keçirilir. O müəllimlərin populyarlaşdırılmasına
istiqamətlənmiş qlobal kampaniyanın – „The Global Teacher Prize“
bir hissəsidir.
Həmin müsabiqədə Marneulili pedaqoqlar dəfələrlə uğurla iştirak
ediblər. 2018-ci ildə Marneulinin 2 və 5 saylı məktəbinin müəllimi
Temur Suğaşvili Milli Müəllim Mükafatının ilk onluğunda yer
almışdı. 2019-cu ildə Marneuli 2 saylı ictimai məktəbinin müəllimi
Qiorqi Çauçidze Milli Müəllim Mükafatının sahibi olub. 2021-ci ildə
isə Maradisi ictimai məktəbinin müəllimi Lamara Bolkvadze ilk
beşliyə düşüb.
2022-ci ilin Milli Müəllim Mükafatının ilk beşliyi 5 sentyabr
tarixində müəyyən ediləcək. Onlardan biri 5 oktyabrda Beynəlxalq
Müəllim Günündə Milli Müəllim Mükafatının sahibi olacaq. Bundan
əlavə, ona pul mükafatı olaraq şirkətin baş sponsoru,
“Qudavadze-Patarkatsişvili” Fondundan 15 000 lari veriləcək.
Onluğun digər üzvlərini isə Liberty Bank mükafatlandıracaq.