Marneulidə iki uşaq bağçası 15 sentyabrda açılmayacaq

Marneuli şəhər 1 saylı uşaq bağçasında tədris prosesi oktyabrda bərpa olunacaq.

Bu barədə Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov məlumat verib. Onun sözlərinə görə, təmir prosesi başa çatmasına baxmayaraq, Qızılhacılı kənd uşaq bağçası tədris prosesinə 15 sentyabrda başlaya bilməyəcək.

“1 saylı bağçada inventar almaq üçün artıq tender elan olunub və tezliklə iş prosesi başlayacaq. Tədris prosesi oktyabrda bərpa olunacaq, ancaq dəqiq tarix hələ məlum deyil. Qızılhacılı uşaq bağçasında təmir işləri başa çatıb, tədrisin nə zaman başlayacağı bilinmir. 1 saylı bağçada ümumilikdə 201 uşaq qəbul edə bilərik, eləcə də Qızılhacılı uşaq bağçası da 210 uşaq üçün nəzərdə tutulub”, – Kərəmov bildirdi.

1 saylı uşaq bağçasına mebel almaq üçün Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi 109 717 lari dəyərində tender elan etmişdi. Birlik 1 sentyabrda əlavə iki tender də elan edib. Həmçinin, Uşaq Bağçaları Birliyi 48 750 lariyə Marneuli 1 saylı və Saimerlo kənd uşaq bağçası üçün parça ləvazimatlarının alınmasını planlaşdırır. Marneuli 1 saylı və Qızılhacılı kənd uşaq bağçasına mətbəx ləvazimatlarının alınması üçün isə 39 970 lari xərclənməsi planlaşdırılır.

Marneuli bələdiyyəsində ümumilikdə 14 uşaq bağçası var. Onlardan 2022-2023-cü tədris ilində yalnız 11 bağça tədris prosesini bərpa edəcək.

 

 

Print Email
FaceBook Twitter Google