Marneuli bələdiyyəsinin Çanaxçı kənd ictimai məktəbinin
şagirdlərinə 2019-cu ildə vəd vermişdilər ki, tezliklə onların
vaqon, köhnə döşəməli, sökülmüş divar kağızı və köhnə partaları
yeni, təchiz edilmiş təhsil müəssisəsi ilə əvəz ediləcək.
8 sinif otağı, laboratoriya, müəllimlər otağı, rəhbərlik otağı,
kitabxana, kompüter sinfi üçün ümumi məkan, bufet, istirahət üçün
məkan, açıq sünii örtüklü idman meydançası, qarderobla birlikdə
foye, dəhliz - bu dövlət büdcəsindən 1 279 750 lari ayrılmış
infrastrukturun bir qisminin natamam siyahısıdır. İşlərin həyata
keçirilməsi üçün Gürcüstan Bələdiyyələrin İnkişafı Fondu 2019-cu
ilin 2 avqust tarixində tender elan etmişdi.
İşlərin başa çatma müddəti olaraq isə müqavilə bağlandıqdan 160 gün
müəyyən edilib. Təxminən üç ildir ki, məktəb tikilir, ancaq işlər
hələ də başa çatmayıb və yaxın 2022-2023-cü tədris ilini Çanaxçılar
yenə vaqonda qarşılayacaqlar. İşlərin dayandırılmasının dəqiq
səbəbini nə məktəb direktoru, nə də yerli Təhsil Resurs Mərkəzinin
rəhbəri səlahiyyətlərinin icraçısı bilir. Bizimlə söhbəti zamanı
Çanaxçı ictimai məktəbinin direktoru Manana Manukyanın dediyinə
görə, yeni binanın tikintisi artıq aylardır, dayandırılıb.
"Tikinti materialları bahalaşıb, problem budur, layihə
meneceri belə dedi. Məbləğ artırılmalıdır. Müvəqqəti olaraq yenə
vaqonda davam etdirəcəyik. Binanın tikintisi demək olar başa çatıb.
Dam örtüyü yoxdur, amma divarlar var. Məktəbin tikintisi iki ildir,
aparılır. Noyabrda ümumiyyətlə tikinti dayandırıldı", -
Manana Manukyan bildirdi.
Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri səlahiyyətlərini icra
edən Əli Qəhrəmanovun Manana Manukyandan fərqli olaraq başqa cavabı
var. O, bildirir ki, onda olan məlumata görə, məktəbin tikintisi
bütün vaxtlar uyğun olaraq aparılır.
"Bilmirəm, hansı vaxtdan söhbət gedir, amma bizim
müqavilə vaxtımız var, vaxta uyğun işləyirik", - belə
cavab aldıq.
Yerli səviyyədə qeyri-müəyyən cavab aldıqdan sonra məlumatı
dəqiqləşdirmək üçün Gürcüstan Bələdiyyələrin İnkişafı Fonduna zəng
vurduq. Onların cavabı nə məktəb direktorunun, nə də Təhsil Resurs
Mərkəzinin rəhbərinin sözlərinə uyğun gəlmir. Fonddan bildirirlər
ki, məktəbin tikinti işləri müqavilə bağlayanın tenderlə götürdüyü
öhdəliyi yerinə yetirməməsindən sonra dayandırılıb və müqavilə ləğv
olunub. Çanaxçı ictimai məktəbi binasının tikintisinin başa
çatdırılması üçün Bələdiyyələrin İnkişafı Fondu yaxın gələcəkdə
yeni tender elan edəcək.
"Müqavilə ləğv olunub, müqavilə ilə götürdükləri işləri
yerinə yetirə bilmədilər. İndi yenidən hesablama aparılır, yaxın
dövrdə yeni tender elan olunacaq".
Çanaxçı məktəbinin binasının tikintisinin başa çatdırılma tarixi
hələ ki, məlum deyil. Təhsil müəssisəsi 2022-2023-cü tədris ilində
təhsil prosesini 20 şagirdlə davam etdirəcək.