Çanaxçı məktəbinin tikintisi dayandırılıb - uşaqlar yenə də vaqonlarda təhsil alacaqlar
Marneuli bələdiyyəsinin Çanaxçı kənd ictimai məktəbinin şagirdlərinə 2019-cu ildə vəd vermişdilər ki, tezliklə onların vaqon, köhnə döşəməli, sökülmüş divar kağızı və köhnə partaları yeni, təchiz edilmiş təhsil müəssisəsi ilə əvəz ediləcək.

8 sinif otağı, laboratoriya, müəllimlər otağı, rəhbərlik otağı, kitabxana, kompüter sinfi üçün ümumi məkan, bufet, istirahət üçün məkan, açıq sünii örtüklü idman meydançası, qarderobla birlikdə foye, dəhliz - bu dövlət büdcəsindən 1 279 750 lari ayrılmış infrastrukturun bir qisminin natamam siyahısıdır. İşlərin həyata keçirilməsi üçün Gürcüstan Bələdiyyələrin İnkişafı Fondu 2019-cu ilin 2 avqust tarixində tender elan etmişdi.

İşlərin başa çatma müddəti olaraq isə müqavilə bağlandıqdan 160 gün müəyyən edilib. Təxminən üç ildir ki, məktəb tikilir, ancaq işlər hələ də başa çatmayıb və yaxın 2022-2023-cü tədris ilini Çanaxçılar yenə vaqonda qarşılayacaqlar. İşlərin dayandırılmasının dəqiq səbəbini nə məktəb direktoru, nə də yerli Təhsil Resurs Mərkəzinin rəhbəri səlahiyyətlərinin icraçısı bilir. Bizimlə söhbəti zamanı Çanaxçı ictimai məktəbinin direktoru Manana Manukyanın dediyinə görə, yeni binanın tikintisi artıq aylardır, dayandırılıb.

"Tikinti materialları bahalaşıb, problem budur, layihə meneceri belə dedi. Məbləğ artırılmalıdır. Müvəqqəti olaraq yenə vaqonda davam etdirəcəyik. Binanın tikintisi demək olar başa çatıb. Dam örtüyü yoxdur, amma divarlar var. Məktəbin tikintisi iki ildir, aparılır. Noyabrda ümumiyyətlə tikinti dayandırıldı", - Manana Manukyan bildirdi.

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri səlahiyyətlərini icra edən Əli Qəhrəmanovun Manana Manukyandan fərqli olaraq başqa cavabı var. O, bildirir ki, onda olan məlumata görə, məktəbin tikintisi bütün vaxtlar uyğun olaraq aparılır.

"Bilmirəm, hansı vaxtdan söhbət gedir, amma bizim müqavilə vaxtımız var, vaxta uyğun işləyirik", - belə cavab aldıq.

Yerli səviyyədə qeyri-müəyyən cavab aldıqdan sonra məlumatı dəqiqləşdirmək üçün Gürcüstan Bələdiyyələrin İnkişafı Fonduna zəng vurduq. Onların cavabı nə məktəb direktorunun, nə də Təhsil Resurs Mərkəzinin rəhbərinin sözlərinə uyğun gəlmir. Fonddan bildirirlər ki, məktəbin tikinti işləri müqavilə bağlayanın tenderlə götürdüyü öhdəliyi yerinə yetirməməsindən sonra dayandırılıb və müqavilə ləğv olunub. Çanaxçı ictimai məktəbi binasının tikintisinin başa çatdırılması üçün Bələdiyyələrin İnkişafı Fondu yaxın gələcəkdə yeni tender elan edəcək.

"Müqavilə ləğv olunub, müqavilə ilə götürdükləri işləri yerinə yetirə bilmədilər. İndi yenidən hesablama aparılır, yaxın dövrdə yeni tender elan olunacaq".

Çanaxçı məktəbinin binasının tikintisinin başa çatdırılma tarixi hələ ki, məlum deyil. Təhsil müəssisəsi 2022-2023-cü tədris ilində təhsil prosesini 20 şagirdlə davam etdirəcək.

"Marneuli" Radiosu
Print