“Qərar ədalətsizdir, siyasi motiv daşıyır” – rəhbərlik məktəbin bağlanması barədə
1 mart tarixində, Marneuli Təhsil-Resurs Mərkəzinin qarşısında özəl məktəbin bağlanmasına görə, etiraz aksiyası keçirilib. Təhsil müəssisəsinin administrasiyası, müəllimlər, şagirdlər, valideynlər hesab edirlər ki, “Davit Ağmaşenebeli adına Məktəb-Litsey”-in avtorizasiyası ədalətsiz şəkildə ləğv olunub.

Özəl məktəbdə həyata keçirilmiş monitorinq zamanı aşkarlanan pozuntulara görə təhsil prosesi 8 mart tarixində dayandırılacaq. Məktəbin direktor müavini qərarın ədalətsiz olduğunu hesab edir və “məktəbin bağlanmasının siyasi məsələ” olmasından şübhələnir. O, hesab edir ki, məktəbdə aparılan növbədənkənar monitorinq və ekspert qrupunun hesabatda qeyd etdiyi çatışmazlıqlar məktəbin fəaliyyətinin dayandırılmasına səbəb olmamalıdır.


“Davit Ağmaşenebeli Məktəb-litseyi” 2010 ildə təsis edilib. Təsis olunduğu gündən məktəb Təhsil Keyfiyyətinin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilmiş avtorizasiya və monitorinqdən uğurla keçdi. Şura tərəfindən cari ilin 27 fevralında qəbul edilmiş qərar ədalətsiz, siyasi motivlidir. Davit Ağmaşenebeli Məktəb-Litseyinin tərkibində olan başqa məktəblərin ətrafında son beş il ərzində cərəyan edən hadisələr prosesin siyasi xarakterli olduğunu təsdiq edir. 2016 ildən eyni yolla Dəmirəl adına özəl kollec, Batumi Məktəb-Litseyi, Nikoloz Tsereteli adına Beynəlxalq Məktəb və Şota Rustaveli adına məktəb-litseyin avtorizasiyası ləğv olundu”.

“Davit Ağmaşnebeli adına Məktəb-Litseydə” oxuyan uşaqlardan birinin valideyni Tamar Qonadze hesab edir ki, məktəbdə aparılan proses uşaqların marağına zərər vurmamalıdır. O, şagirdlərin tədris ili bitənə qədər qalan üç ayı yenə həmin təhsil müəssisəsində keçirmələrini tələb edir.

“Məktəbin bağlanmasının iki səbəbi var – dedilər. Biri budur ki, qapalı zalın ölçüsü kiçikdir, ikincisi isə müəllimin yeddi uşaqla bağlı qiymətləndirilməsinin eyni olduğunu qeyd etdilər. Bizim toplanmağımızın səbəbi budur ki, tədris ilinin ortasında, bitməyə üç ay qalmış məktəbin bağlanması uşaqlar üçün uyğun deyil. Uşaqları məktəbdən çıxarmaq və ədalətsiz olaraq başqa məktəblərə bölmək düzgün deyil. Mənim uşağım birinci sinifdədir və dəqiq bilirəm ki, çox böyük problemləri olacaq. Gəlin, özümüzü toplayaq, uşaq hüquqlarını qoruyuruqsa, onların hüquqlarını qoruyaq və tədris ili başa çatsın. Başqa etirazları olarsa, məktəblə danışsınlar və əgər qərar qüvvədə qalarsa, ilk növbədə uşaqların hüquqlarını qoruyacağıq”.


İngilis dili müəllimi Tamar Arçvadze də şuranın qərarına etirazını bildirir.

“Mən müəllimliklə yanaşı magistratura tələbəsiyəm. Mənim üçün tədris ilinin ortasında işimi itirmək çox çətindir. İndiki mərhələdə heç yerdə vakansiyalar elan olunmur və pulsuz qalıram. Eləcə də dünən uşaqlarla görüş çox emosional idi, onlar emosional travma alıblar”.

Etiraz aksiyası zamanı toplaşanlar Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanovun bayıra çıxmasını və onlarla görüşməsini tələb edirdilər.


Valideynlər binaya girmək və birbaşa söhbət aparmaq qərarı veriblər.

Təhsil-Resurs Mərkəzindən bildirdilər ki, onların avtorizasiya prosesi ilə heç bir əlaqəsi yoxdur və yeganə göstərə biləcəkləri dəstək uşaqların məktəblərə bölünməsi ilə bağlı ola bilər.

“Resurs Mərkəz vasitəçidir, biz əmrləri qəbul edirik. Yalnız və yalnız həyata keçirənlərik. Biz nazirlikdən qəbul olunan qətnamələri yerinə yetiririk. Məktəb avtorizasiyadan keçə bilməyib və növbəti mərhələni yuxarıdakılar necə deyirsə, elə aşmalıyıq. Ona görə də biz belə hərəkət edirik ki, heç bir şagird təhsildən kənar qalmasın, artıq şəhərin gürcüdilli məktəblərində, gürcü sektorunda 1-dən 6-cı sinfə qədər neçə boş yerin olduğunu araşdırmışıq. Bundan əlavə 2 və 6 saylı məktəbdə həmin şagirdlər üçün 1-ci sinif açılacağını vəd edirlər. 274 boş yer tapmışıq”, – Resurs Mərkəzin nümayəndəsi İrma Davadze bildirdi.

Valideynlər Resurs Mərkəzin uşaqların məktəblərə bölünməsi təklifi ilə razılaşmırlar və təhsil müəssisəsinin fəaliyyətinə davam etməsini tələb edirlər. Təhsil nazirinə müraciət etməyi də planlaşdırırlar. Həmçinin, məhkəməyə şikayət də verilib.

“Marneuli” radiosu Milli Təhsil Keyfiyyətinin İnkişafı Mərkəzindən də təfərrüatları araşdırmağa çalışacaq. Material yenilənəcək

Print Email
FaceBook Twitter Google