Qardabanidə “BEEZ” Uşaq Teatrının hazırladığı “Çoban” tamaşasının
premyerası keçiriləcək.
Tamaşa 19 noyabr tarixində saat 15:00-da “BEEZ” Uşaq Teatrında baş
tutacaq.
Teatrın bədii rəhbəri və tamaşanın quruluşçu rejissoru Binəli
İslamoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
teatrın əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli şəkildə
keçirilməsinə kömək göstərməkdir. Onun sözlərinə görə, bu il artıq
onların ikinci tamaşası nümayiş
etdiriləcək.
“Artıq bu ilin sonunda ikinci tamaşamızla
tamaşaçılarımız qarşısına çıxırıq. Bundan öncəki tamaşamız Vüqar
Haqverdiyevin “Qarınqulu Ayı Balası” idi. Məhz həmin tamaşa
tamaşaçıların böyük rəğbətini qazandı. İndi oynayacağımız tamaşa
isə Abdulla Şaiqin “ÇOBAN” tamaşasıdır. Çalışdığımız qədər istədik
ki, uşaqlara milli musiqimizi, milli rəqsimizi və maariflənmənin nə
qədər dəyərli olduğunu göstərək!”, – Binəli İslamoğlu
dedi.
Rejissorun dediyinə görə, tamaşanın ilk premyerası Qardabanidə
yerləşən “BEEZ” Uşaq Teatrının kiçik zalında baş tutacaq.
“Könül istəyər ki, daha çox tamaşa hazırlayaq. Ancaq
bəzi səbəblərdən daha az tamaşa hazırlayırıq. “ÇOBAN” tamaşamız
sentyabr ayından hazır idi. Ancaq məktəblərin ilk həftəsinə təsadüf
etdiyi üçün bir az ara verdik. Bölgələrə qastrollara çıxmağı çox
istəyirik, ancaq nəqliyyat olmadığına görə çıxa bilmirik. Burda bir
nüansı da qeyd etmək istəyirəm. Tamaşamızın geyimlərinin ərsəyə
gəlməsində bizə dəstək olan Azərbaycanın Gürcüstandakı səfirliyinə,
xüsusilə cənab Faiq müəllimə öz dərin təşəkkürlərimi
bildirirəm”, – İslamoğlu qeyd etdi.
Rollarda teatrın balaca aktyorları – Zəhra Akif, Nuri Qurbanov,
Əzəm Əfəndiyeva, Seymur Muradov, Məryəm Əliyeva oynayacaqlar.
Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli
İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur
Ənvərdir.
Binəli İslamoğlu onu da bildirdi ki, tamaşa 26 noyabr tarixində
Tbilisidə, Mirzə Fətəli Axundovun ev muzeyində də göstəriləcək.
Qeyd edək ki, tamaşa ilə maraqlanan şəxslər (+995) 550 50 30 47
nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, teatrın hazırladığı son tamaşa bu ilin 18 fevral
tarixində, Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrında
tamaşaçılara təqdim edilmişdi. Tamaşa Vüqar Haqverdiyevin müəllifi
olduğu “Qarınqulu ayı balası” əsərinin motivləri əsasında
hazırlanmışdı. Tamaşanın premyerasında Azərbaycanın Gürcüstandakı
səfirliyinin əməkdaşları, Qardabani bələdiyyəsinin üzvləri və
valideynlər iştirak etmişdilər.