Koronavirus pandemiyası aradan qalxdıqdan sonra tələbələr
təhsillərinə universitetlərdə, auditoriyalarda davam etməyə
başladılar.
Bundan irəli gələrək, uzaq regionlardan gələn tələbələrin bəziləri
şəhərdə kirayədə qalmaq, bəziləri isə gündəlik olaraq marşrutla
gedib-gəlmək qərarını alıb. Kirayələrin qiyməti pandemiyadan,
Ukraynada başlayan müharibədən eləcə də, Ukrayna və Rusiya
vətəndaşlarının ölkəyə gəlməsindən sonra daşınmaz əmlakın və
məhsulların qiyməti hiss olunacaq dərəcədə artıb.
Bu, bölgələrdən gələn
tələbələrin paytaxtda yaşaması üçün
problemlər yaradıb. 2023-cü təqvim ili ərzində 36 295 tələbə
müxtəlif səbəblərdən dolayı statusunu dayandırıb. Aydın məsələdir
ki, bu müxtəlif səbəblərdən dolayı baş verir. Biz bahalaşmış
kirayə, məhsullar şəraitində tələbələrin necə yaşadıqlarını
maraqlandıq. Bu barədə İlya Dövlət Universitetində oxuyan və həftə
içi hər gün Marneulidən Tbilisiyə gedən Şəhla Məmmədova bildirir
ki, maddi problemdən əlavə, gündəlik gedib-gəlmək çox yorucu
olur.
“Marneulidə yaşayıram və həftənin 6 günü Tbilisiyə dərsə
getmək maddi cəhətdən çətinlik yaradır. Rayon daxili marşrutların
isə tələbələrə güzəşti yoxdur. Yola təxmini olaraq 7-8 lari
xərcləyirəm. Bu isə günlük xərclərimin ən böyük hissəsini tutur.
Yemək xərclərinə isə 3-5 lari xərcləyirəm. Gün ərzində 10-12 lari
xərcləyirəm. Maddi problemi bir kənara qoysaq, yol gedib-gəlməyin
özü çox çətindir. 3-4 avtobus dəyişərək təxminən 2 saata
universitetə çatıram. Bundan əlavə dərslər bitdikdən sonra evə
qayıtmaq problem yaradır. Marneuli avtobusları saat 7-yə qədər
işləyir. Ən böyük problemlərdən biri də rayon daxili avtobusların
6-ya qədər işləməsidir. Buna görə də, rayona çatdıqda, evə 40-50
dəqiqə ərzində piyada getməli oluram”.
Məmmədova bildirir ki, gedib-gəlmək onun bütün gününü alır və evə
gec qayıtdığına görə dərslərini oxumağa vaxtı qalmır.
“Tbilisidə qalmaq da əslində əlverişlidir. Sadəcə son
zamanlar kirayə evlərin qiymətinin qalxması səbəbindən normal
şəraitli ev tapmaq çətindir. Ancaq Tbilisidə qalanlarla,
gedib-gələnləri müqayisə etsək görərik ki, gedib-gəlmək büdcəyə
daha uyğundur nəinki qalmaq, baxmayaraq ki, yorucudur. Təhsil
haqqının və tələbənin ehtiyaclarının qarşılanması normal gəlirli
ailə üçün çətindir. Memarlıq oxuyuram və hər həftə ləvazimatları
almaq üçün 20-30 lari xərcləyirəm”.
Onun bildirdiyinə görə, bir ayda yol xərcləri, təhsil materialları
və yemək xərcləri 500 lariyə başa gəlir.
“
Təhsil haqqı üçün 2-3 aydan bir 560 lari ödəyirəm. Amma
ayda cəmi 360 lari yemək və yol üçün xərcləyirəm. Ləvazimatları
almağa isə 80-100 lari ayırıram” - Şəhla Məmmədova
deyir.
Bununla bağlı, İlya Dövlət Universitetində oxuyan və Tbilisidə
kirayədə yaşayan Aida Vermişyan “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, xərcləri arasında ən çox məbləği kirayə üçün
ayırır.
“Bildiyimiz kimi, Tbilisidə kirayə evlərin qiyməti çox
qalxdı ona görə də, çətin olur yaşamaq. Kirayə ev üçün ayda 800
lari ayırıram. Artıq ikinci ildir ki, təhsil haqqına pul
xərcləmirəm, çünki hazırlıq kursunda təqaüd almışam və bütün ilin
ödənişləri tam maliyyələşdirilib, yəni 2250 lari.
Gələn ildən təhsil haqqını ödəməli olacağam və mən bütün
resursları, o cümlədən kirayə, kommunal xərclər, təhsil
ləvazimatlarının alınması və s. haqqında düşünürəm. Minimum 2000
lari çox azdır. Bütün xərcləri qarşılamaq üçün ayda 2500 lari lazım
gəlir.
Bütün bunlarla mən motivasiya ilə oxumağa davam edirəm. Qeyd olunan
faktorlar ümidimi itiməyimə mane olmur. Çünki, uğur qazanmaq üçün
çətin yoldan keçməlisən, heç nə asan deyil və mümkün olmayan şey
yoxdur”.
Aida bildirir ki, xərclərini qarşılamaq üçün mağazada konsultant
vəzifəsində işə başlayıb.
“6 ay mağazada konsultant vəzifəsində işlədim. Nəticədə
dərslərimə əlavə vaxt ayıra və boş vaxtlarımda kitab oxuya
bilmirdim. Çox ağır qrafikim var idi”, - Aida Vermişyan
bildirir.
Bundan başqa şəhərə oxumaq üçün gedən və kirayədə qalmayan Marneuli
sakini tələbə Güllü Axundova bildirir ki, yol, yemək və təhsil
ləvazimatlarına ayırdığı xərclər ayda 400-500 larini təşkil
edir.
“Gedib-gəlmək elə də çətinlik yaratmır. Bəzi günlər axşam
saatlarında dərsim olduğu zaman çətinliklə üzləşirəm. Ancaq digər
günlərdə marşrutlar 7-yə qədər işlədiyi üçün rayona çata bilirəm.
Həmçinin, çox yorucu olur və yolda çox vaxt itirirəm.
Tapşırıqlarımı belə bəzən tam olaraq yerinə yetirə bilmirəm. O
baxımdan qalmaq əlverişlidir. Yola, tədris materiallarına və yeməyə
ayırdığım məbləğ ayda 400-500 lari təşkil edir. Təhsil haqqını isə
“SOCAR” ödəyir”, - Güllü Axundova.
Bununla bağlı Kaxetinin Qabal kəndindən olan və İlya Dövlət
Universitetində oxuyan Ceyran Qurbanova bildirir ki, şəhərdə qalmaq
və pul xərcləməmək qeyri-mümkündür.
“İlk əvvəl onu qeyd etmək istəyirəm ki, şəhərdə yaşamaq və pul
xərcləməmək qeyri-mümkündür. Tələbə olduqda isə bu daha da çətin
vəziyyət alır. Tələbənin bir illik təhsil haqqı ilə yanaşı kirayə,
yemək və digər xərcləri ümumi 2800-3000 lari arasında dəyişir. Bu
eləcə də insanın pulu necə xərclədiyindən asılıdır. Əgər şəhərdə
deyil kənddən gedib-gəlsəydim daha çox xərcim çıxardı. Çünki, 1
günlük kəndə gediş-gəliş 30 laridir. Bu mənim üçün yorucu olardı
ona görə ki, 3 saatlıq yol dözülməz olur”, - Ceyran
Qurbanova
Beləkilə, tələbələrin ehtiyaclarını qarşılamaq üçün ayırdıqları
xərclərdən aydın oldu ki, gedib-gələn tələbə üçün səhər Marneulidən
paytaxta səyahət, nahar, təhsil haqqı və axşam evə qayıtmaq, onun
üçün aylıq ortalama 1500 lariyə başa gəlir.
Bundan əlavə, şəhərdə kirayə bir neçə nəfərlə evi bölüşən tələbə,
gündəlik yemək, yol, təhsil haqqını və kommunal xərclərini
qarşılamaq üçün ayda orta hesabla 2000 laridən artıq məbləğ
xərcləyir.