Həmrəylik Platforması Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri
üzrə Dövlət naziri Tea Axvledianinin gürcü dilinin öyrənilməsi ilə
bağlı çıxışına münasibət bildirib.
Onlar Dövlət Naziri Aparatını təhsil və dil siyasəti məsələləri ilə
bağlı öz mövqelərini etnik azlıqların həqiqi ehtiyacları ilə
əsaslandırmağa çağırıb.
“2024-cü ilin 5 fevral tarixində Baş nazir vəzifəsinə
yeni namizəd və onun hökumət komandasının təsdiq edilməsi
prosesində Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin
səlahiyyətlərini icra edən Tea Axvlediani Gürcüstan Parlamentində
çıxış edib. Tea Axvlediani çıxışın əsas hissəsini 2021-2030-cu
illərin vətəndaş bərabərliyi və inteqrasiya üzrə dövlət
strategiyası, onun fəaliyyət planının icra edilməsinin təsvirinə
həsr edib. Nazir yalnız hökumətin nailiyyətlərindən danışırdı və
azlıqların həqiqi ehtiyaclarına, problemlərin tənqidi müzakirəsinə,
həlli yollarının axtarılmasına diqqət az idi. Gürcüstan
Parlamentinin üzvü Tariel Nakaidzenin Gürcüstan vətəndaşları üçün
verdiyi suala 1+4 proqramı çərçivəsində tələbələrə gürcü dilinin
pulsuz öyrədilməsi imkanları və onun genişləndirilməsinin mühümlüyü
ilə bağlı sualına Tea Axvlediani səthi, manipulyasiya xarakterli
cavab verib. Dövlət nazirinin sözlərinə görə, “1+4 proqramı,
həmçinin, bizim ermənidilli və azərbaycandilli həmvətənlərimizə ali
təhsil müəssisələrində təhsil almaq məqsədilə birillik pulsuz gürcü
dili proqramına qəbul olmaq şəraiti yaradır. Xüsusilə,
Gürcüstandakı etnik azlıqların dövlət dilini öyrənmək üçün təhsil
haqqı ödəməli olduğunu söyləmək düzgün deyil. Bu
yalandır”, – Platforma yazıb.
Həmrəylik Platformasının bildirdiyinə görə, 1+4 proqramı xüsusi
təhsil proqramıdır. Bu proqram azlıq nümayəndəsi olan gənclərin
əksəriyyətinə yeganə imkan yaradır ki, gürcü dilini öyrənsinlər və
ali təhsil alsınlar. 1+4 proqramı ana dilində ümumi qabiliyyət
imtahanı vermək yolu ilə ermənidilli və azərbaycandilli gənclərə
gürcü dilində hazırlıq kursuna qəbul olmaq şəraiti yaradır.
Hazırlıq kursunu uğurla başa vurduqdan sonra (B1 səviyyəsində
imtahan verdikdən sonra) isə gənc ali təhsil müəssisəsinin bakalavr
proqramına qəbul olur.
1+4 proqramı çərçivəsində hazırlıq pilləsində 100 etnik
azərbaycanlı və 100 etnik erməni gənc hər il dövlət maliyyəsi
qazanır. Ancaq yüzlərlə gənc (1000-dən artıq) bu dəstəkdən kənar
qalır. Onların gürcü dilini öyrənməyə və ali təhsil almağa həqiqi
maraqları var, amma hazırlıq pilləsində gürcü dilini öyrənmək üçün
2250 lari ödəməli olurlar.