Gənclər niyə təhsil almaqla yanaşı işləməli olurlar?
00:00 / 24.06.2025
Yusif, Pünhan və Tərxan – valideynlərinin onların təhsil haqqını
ödəməsinə kömək etmək və gündəlik həyatda dövlət dilini mükəmməl
mənimsəmək
məqsədilə təkcə universitetin auditoriyalarında deyil, həm də
işlədikləri mağaza piştaxtalarında təhsilə başlayan regiondan olan
üç tələbədir.
Onlar 18 yaşında tələbə olmaqla yanaşı, məsuliyyəti də öz
üzərlərinə götürməli olublar – özlərini maddi cəhətdən təmin etmək,
ailələrini yük altına salmamaq
və təhsil almaq şansını
itirməmək.
1+4 proqramı, Sovet sistemindən bəri davam edən uğursuz inteqrasiya
siyasətini dəyişdirmək üçün yaradılıb. İllər boyunca Gürcüstanda
yaşayan etnik azərbaycanlılar və ermənilər yalnız rusdilli
fakültələr vasitəsilə ali təhsil ala bilirdilər. Digər hallarda isə
azlıqlar təhsillərini Azərbaycanda, Ermənistanda və ya Rusiyada
davam etdirmək məcburiyyətində qalırdılar.
1990-cı illərdə Gürcüstan müstəqillik əldə etdikdən sonra Sovet
sistemindən uzaqlaşma prosesi başladı. Bu mərhələdə həm etnik
azlıqlar, həm də gürcülər üçün rus dili əvvəlki əhəmiyyətini
itirdi. Dövlət qurumları tamamilə dövlət dilinə keçdi, lakin
azlıqlar bu prosesdən kənarda qaldı – onların sistemli şəkildə
inteqrasiyası baş vermədi. Gürcü dili tədrisi yetərincə effektiv
deyildi. Buna görə də hətta yeni nəsil də danışıq dilində tez-tez
rus dilindən istifadə edirdi. Rus dili artıq bir alternativ
olmadıqda, azlıqlar dövlət sistemindən tamamilə
kənarlaşdırılırdı.
Nəticədə azlıqların Gürcüstanda ali təhsillə əlaqəsi kəsildi.
Xüsusilə də ali təhsil müəssisələrinin regional bölmələri ləğv
edildikdən və “sadəcə diplom almaq” artıq mümkün olmadıqdan sonra.
Vahid milli imtahan sistemi tətbiq edildikdə isə dövlət azlıqlara
yeni yol təklif etdi – əhəmiyyətli güzəştlərlə ali təhsilə daxil
olmaq.
1+4 proqramı abituriyentlərə nə
təklif edir?
Dövlət etiraf edir ki, azlıqların yaşadığı kəndlərdə
çox zaman gürcü dilini gürcüdilli abituriyentlərlə eyni səviyyədə
öyrənməyə imkan verəcək nə uşaq bağçaları, nə də məktəblər
mövcuddur. Buna görə də proqram çərçivəsində onlardan yalnız bir
imtahan – ana dilində bacarıq testi tələb olunur. Bu imtahandan
uğurla keçən abituriyent bir illik intensiv gürcü dili kursu
keçdikdən sonra istədiyi fakültəyə qəbul ola bilər.
Dövlət maliyyələşdirməsi yalnız 400 tələbəyə şamil olunur. Qalan
tələbələr isə gürcü dili kurslarının haqqını özləri ödəməli
olurlar.
Mövcud çatışmazlıqlara baxmayaraq, kəndlərdə yaşayan gənclərə hələ
də təhsil almaq imkanı yaradılır. Lakin bu yol asan deyil. Şəhərə
köçmək, təhsil almaq, kirayə mənzil tutmaq və digər gündəlik
xərclər ailələr üçün ciddi çətinlik yaradır. Nəticədə tələbələr
dərslə yanaşı işləməyə məcbur qalırlar.
Yusif, Pünhan və Tərxan da bu tələbələrdəndir. Onlar üçün
mühazirələri buraxmaq çox zaman seçim deyil, zərurətdir – çünki
işləməli və təhsil haqlarını özləri ödəməlidirlər.
Bu üç tələbənin hekayəsi, onların etnik azlıq nümayəndələri
olmalarına baxmayaraq, nadir hal deyil. Gürcüstanda ali təhsil
almaq imkanı, xüsusilə də paytaxtdan uzaqda yaşayan gənclər üçün
çətinliklərlə doludur.
Regionlardan gələn tələbələr üçün yüksək kirayə haqqı, yaşayış
xərcləri və oxuyarkən işləməyə məcbur edən sosial-iqtisadi
təzyiqlər təhsili çətinləşdirir. Bütün ailələr uşaqlarını yalnız
təhsilə fokuslana biləcək şəraitlə təmin etmək imkanına malik
deyillər.
Bu problemin miqyası 2021-ci ildə professor Mzia Şelianın apardığı
araşdırma ilə də təsdiqlənir. Araşdırmaya əsasən:
• İşləyən tələbələrin yalnız 35%-i mütəmadi olaraq mühazirə və
seminarlarda iştirak edir;
• 37%-i tədris prosesində yalnız qismən iştirak edir;
• Demək olar ki, 24%-i isə mühazirələri tamamilə buraxır və yalnız
aralıq və buraxılış imtahanları üçün universitetə gəlir.
Tədqiqat göstərir ki, iş saatları, iş şəraiti və müddəti
tələbələrin akademik fəaliyyətinə birbaşa təsir göstərir. Tələbə
işə nə qədər çox vaxt ayırırsa, tədris prosesində tam iştirak etmə
ehtimalı bir o qədər azalır. Nəticədə uğursuz imtahanlar və zəif
akademik göstəricilər adi hala çevrilir.
“Gürcüstanda işləyən tələbələr: Təcrübələr və problemlər” adlı
tədqiqat respondentləri etnik mənsubiyyətə görə ayırmasa da,
nəticələr həm azlıqlara, həm də ümumilikdə regiondan olan
tələbələrin qarşılaşdıqları sistemli çətinlikləri aydın şəkildə
göstərir.
"Bildiyiniz kimi, etnik azlıqlar əsasən kənd tipli
evlərdə sıx məskunlaşıblar. Universitetlərə qəbul olanların 90%
kəndlərdəndir. Bu adamların Tbilisidə qalmaq, yaxud başqa hansısa
imkanları yoxdur. Ailələrinin də orada evi yoxdur və s. Ona görə də
kirayə qalmalı olurlar. Kəndlərdəki, regionlardakı iqtisadi
vəziyyəti isə yaxşı bilirik. Qəbul olduqdan sonra ailələr
uşaqlarına maddi kömək edə bilmirlər. Gənclər bu xərcləri özləri
qarşılamalı olurlar. Xərclər isə günü gündən artır. Buna görə də
gənclər müxtəlif istiqamətlərdə işləməli olurlar. Mənim tanıdığım
tələbələrdən əksəriyyəti işləyir və çoxusu heç təhsilə qayıtmağı
düşünmür də. Çox çətindir, bu vəziyyətdə tələbə demək olar ki, tək
qalır", - Aytac Xəlilli bildirir.
Mülki fəal və “Salam” platformasının üzvü Aytac Xəlilli bildirir
ki, Gürcüstanda 1+4 proqramına daxil olan tələbələrin ehtiyaclarını
və problemlərini qiymətləndirən hər hansı tədqiqat mövcud deyil.
Onun sözlərinə görə, bu informasiya boşluğu səbəbindən ümumi
mənzərəni statistik olaraq qiymətləndirmək mümkün deyil:
“Biz nə qədər etnik azlığın qeydiyyatdan keçdiyi, nə
qədərinin məzun olduğu, neçə nəfərin məktəbi tərk etdiyi və ya niyə
təhsilini yarımçıq qoyduğu barədə heç bir məlumata malik deyilik.
Burada real maraq yoxdur və buna görə də siyasi iradə də yoxdur.
Rəqəmlər barədə danışa bilmədiyimiz üçün baş verənləri tam görə
bilmirik,” – deyə Xəlilli qeyd edir.
O bildirir ki, tələbələrin vəziyyətini yalnız bu gün müşahidələr
əsasında qiymətləndirmək olar. Aytacın sözlərinə görə,
işləyə-işləyə təhsil almaq yalnız fiziki baxımdan deyil, həm də
akademik nəticələrə birbaşa təsir baxımından çətindir:
“Tələbələrə dəstək mexanizmləri yoxdur. Tez-tez alınan
təhsil həm tələbələrin, həm də mühazirəçilərin özü tərəfindən
keyfiyyətsiz kimi dəyərləndirilir. Mühazirəçilər özləri deyirlər
ki, tələbələr mühazirələrə gəlirlər, lakin bütün gecəni işlədikləri
üçün tez-tez auditoriyada yuxuya gedirlər.”
Onun fikrincə, tələbələr nəinki əlavə təlim və seminarlarda, bəzən
hətta adi mühazirələrdə belə iştirak edə bilmirlər.
1+4 proqramı 2010-cu ildən fəaliyyət göstərir və etnik azlıqlara
vahid milli imtahan sisteminin sadələşdirilmiş modeli ilə ali
məktəblərə daxil olmaq imkanı yaradır. Tələbələr yalnız ana dili
üzrə bacarıq imtahanı verirlər, daha sonra bir il ərzində gürcü
dili, növbəti dörd il isə əsas ixtisas üzrə akademik təhsil
alırlar.
Aytacın sözlərinə görə, proqramın 15 illik mövcudluğuna baxmayaraq,
hələ də onun nəticələri ilə bağlı hərtərəfli qiymətləndirmə
aparılmayıb. Nə uğurlu məzunların sayı, nə də qəbul
göstəricilərinin dinamikası və keyfiyyəti məlumdur:
“Bir neçə həftə əvvəl təhsil naziri bildirdi ki,
gənclərin 93%-i gürcü dilini yaxşı bilir və bu fonda 1+4 proqramı
artıq öz mənasını itirə bilər. Amma bu rəqəmin haradan
qaynaqlandığı, araşdırmanın necə və kim tərəfindən aparıldığı məlum
deyil. Əgər məlumat varsa, problemin təhlili üzərində ciddi
işləməlidirlər. Əgər məlumat yoxdursa, o zaman proqramın ləğvi
barədə danışmaq düzgün deyil.”
Mayın 5-də “Gürcü Arzusu” partiyasının üzvü, Parlamentin Təhsil,
Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri, hazırkı təhsil naziri
Qivi Mikanadze komitənin iclasında Barışıq və Vətəndaş Bərabərliyi
Nazirliyinin araşdırmasına istinad edib. Araşdırmaya əsasən,
qeyri-gürcüdilli əhalinin 93%-i gürcü dilini yaxşı bilir.
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatından
“Marneuli” radiosuna verilən məlumata görə, təhsil nazirinin
istinad etdiyi araşdırma əsasında Barışıq və İnteqrasiya üzrə
Dövlət Strategiyasının aralıq qiymətləndirmə sənədi hazırlanıb. Bu
sənədin 2025-ci ilin sonunda dərc olunması planlaşdırılır. Hazırda
sənəd ictimaiyyət üçün açıq deyil.
Bu o deməkdir ki, rəsmi bəyanatlar hələ dərc olunmamış, heç bir
ekspertin, tələbənin və ya ictimaiyyət nümayəndəsinin tanış
olmadığı araşdırmaya əsaslanır.