Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin
yanvar-mart aylarında Azərbaycan 130 milyon 938 min ABŞ dolları
dəyərində
187 min 341 ton neft məhsulu ixrac edib. Bu göstəricilər 2025-ci
ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2.3 dəfə, həcm
baxımından isə 53.1 faiz artım deməkdir.
Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrandakı hədəflərə
zərbələr endirməsi, rəsmi
Tehranın isə raket və dron hücumları ilə
cavab verməsi qlobal neft bazarına təsirsiz ötüşməyib. Aprelin 8-də
Pakistanın vasitəçiliyi ilə tərəflər arasında ikihəftəlik atəşkəs
elan edilsə də, dünya neftinin 20 faizinin daşındığı Hörmüz
boğazının bağlı qalması qiymətləri yüksək həddə saxlayır.
Azərbaycanın ixracatında neft-qaz sektoru dominantlıq təşkil etsə
də, cari ilin ilk rübündə Ümumi Daxili Məhsulun (ÜDM) həcmində 0.3
faiz azalma müşahidə olunub. Müstəqil iqtisadçılar neftin
bahalaşmasına rəğmən, ÜDM-in kiçilməsini iqtisadi tənəzzülün
siqnalı kimi qiymətləndirirlər. Qeyd olunur ki, analoji azalma
sonuncu dəfə 2020-ci ildəki pandemiya böhranı zamanı qeydə
alınmışdı.
Hökumət rəsmiləri hələlik bu statistik göstəricilərlə bağlı rəsmi
şərh verməyiblər.
Azərbaycan iqtisadiyyatı kiçilib
Azərbaycanda Ümumi Daxili Məhsulda (ÜDM) mənfi göstərici qeydə
alınıb.
Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2026-cı
ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703.2 milyon manatlıq
və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0.3 faiz
az ÜDM istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə
dəyər 1.2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0.2 faiz
artıb.
Halbuki DSK bir ay əvvəl ötən ilin analoji dövrü ilə müqayisədə 0.3
faiz artımdan bəhs etmişdi. 2025-ci ildə isə ÜDM-də artımın 1.4
faiz olduğu açıqlanmışdı. Hökumət həmin ilin əvvəlində 3.5 faiz
artım proqnozlaşdırırdı.
Hökumət rəsmiləri ÜDM-də mənfi göstəricini hələlik şərh etməyiblər.
Amma müstəqil iqtisadçılar hesab edirlər ki, ölkədə neft
hasilatının azalması, qeyri-neft sektorunda ciddi inkişafın
olmaması iqtisadi geriləməni qaçılmaz edir.
Üstəlik, iqtisadçılar vurğulayırlar ki, mart ayı ərazində dünyada
neft 70 faizdən çox bahalaşıb. Onların fikrincə, ABŞ, İsrail-İran
münaqişəsi və Hörmüz boğazının bağlanması ilə bağlı neftin
müvəqqəti bahalaşması iqtisadiyyatı "qara qızıl"dan asılı olan
Azərbaycanda ciddi geriləməni müvəqqəti sığortalayır.
İqtisadçılar habelə vurğulayırlar ki, ÜDM göstəricilərinə görə
Azərbaycan qonşularından geri qalır.
{{AUDIO}}
İqtisadçıdan hökumətə: 'Problemlər qar uçqunu kimi
artmamış...'
İqtisadçı Natiq Cəfərli ÜDM-nin 0.3 faizlik azalmasını şərh
edərkən, resessiya (iqtisadi fəallığın davamlı geriləməsi)
başladığını vurğulayıb.
O, Facebook səhifəsində qeyd edib ki, martda neft qiymətləri kəskin
artıb, buna baxmayaraq, ÜDM-də azalma var, deməli, problemlər çox
dərinləşib: "Qonşularımıza baxanda görürük ki, Gürcüstanda 8.4
faiz, Özbəkistanda 7 faizdən çox, Qırğızıstanda 8.8 faiz ÜDM artımı
var".
N.Cəfərli xatırladır ki, bu ilin ilk iki ayında Azərbaycanın
ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 23.5 faiz
azalıb: "Bu çox təhlükəli tendensiyadır, insanların alıcılıq
qabiliyyəti düşüb, biznes isə investisiyayönümlü avadanlıq
almır".
İqtisadçının fikrincə, vəziyyət çox ciddidir: "Problemlər qar
uçqunu kimi artmamış həlli yollarını tətbiq edin. Kiçik-orta
sahibkarlıq boğulur, qiymətlər sürətlə artır, insanların real
gəlirləri azalır, iqtisadi daralma yaşanır – daha nə olmalıdır ki,
həyəcan siqnalını eşidib, hərəkətə keçəsiniz?!".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415