İran rəsmiləri aprelin 16-da Pakistan vasitəçiləri ilə görüşəcək,
ABŞ-nin yeni təkliflərini müzakirə edəcəklər.
Danışıqların mümkün ikinci raundu ilə bağlı qərar verilə bilər. ABŞ
prezidenti Donald Tramp isə bir gün öncə deyib ki, müharibə "çox
tezliklə" başa çata bilər.
Aprelin 15-də Pakistan Ordusunun baş komandanı Asim Munirin
rəhbərlik etdiyi nümayəndə heyəti İran rəsmiləri ilə görüşüb.
"Tasnim" dövlət
xəbər agentliyi bildirib ki, bu görüşdən sonra İran
tərəfi gərəkən qiymətləndirməni aparacaq, daha sonra İranla ABŞ
arasında növbəti danışıqlar raundu barədə qərar veriləcək.
Pakistanın nüfuzlu ordu rəhbərini Tehranda İranın xarici işlər
naziri Abbas Əraqçi qarşılayıb. İranda yüksəksəviyyəli mənbə
"Reuters"ə deyib ki, Munir danışıqların ilk raunduna vasitəçilik
edib, İrana "mövqelər arasındakı fərqləri azaltmaq" üçün gəlib.
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi aprelin
15-də Tehranda həftəlik brifinqdə bildirib ki, danışıqlar bitəndən
sonra İranla ABŞ arasında Pakistan vasitəsilə mesaj mübadiləsi
gedir.
"Çox tez bitə bilər"
Tramp isə yekun sülh razılaşmasının əldə olunacağına nikbinliyini
bildirib. Ancaq indiyədək ABŞ prezidenti dəfələrlə razılaşmanın
yaxın olduğunu deyib, sonradan İranın qalan hərbi obyektlərini,
rəhbərliyini, enerji və elektrik infrastrukturunu məhv etməklə
hədələyib.
"Fikrimcə, çox tez bitə bilər. Ağıllı olsalar, tezliklə başa
çatacaq", – Tramp "Fox Business News"da aprelin 15-də
yayımlanan müsahibəsində deyib.
"Məncə, başa çatmağa çox yaxındır… bunu çox yaxın hesab
edirəm", – o vurğulayıb.
Prezident daha öncə "The New York Post"a tərəflərin bir neçə günə
yenidən görüşə biləcəyini demişdi.
Vitse-prezident Cey Di Vens İslamabad danışıqlarında ABŞ nümayəndə
heyətinə rəhbərlik edib. O, sonradan danışıqlarda "xeyli
irəliləyiş" olduğunu bildirib.
Ağ evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə deyib ki,
danışıqların yeni raundu "böyük ehtimalla" Pakistan paytaxtında
keçiriləcək.
ABŞ və İranın aprelin 7-də razılaşdırdığı ikihəftəlik atəşkəs
aprelin 22-də başa çatır, Tramp onu uzatmaq planı olmadığını
deyib.
Hazırda tərəflər atasında əsas mübahisə məqamı İranın nüvə
zənginləşdirmə qabiliyyətidir. Qərb Tehranı nüvə silahı əldə etməyə
çalışmaqda ittiham edir. İran nüvə proqramının dinc məqsədli
olduğunu deyir.
İranın Hörmüz boğazını bağlaması isə gərginliyi daha da artırıb.
İslamabad danışıqları uğursuz bitincə, Tramp İrana gedən və gələn
gəmilərə blokada elan edib.
Ali lider Müctəba Xameneinin hərbi müşaviri aprelin 15-də
xəbərdarlıq edib ki, ABŞ bu strateji keçidi nəzarətə almağa
çalışsa, Tehran boğazda ABŞ gəmilərini batıracaq.
"Cənab Tramp Hörmüz boğazının polisi olmaq istəyir. Bu,
gerçəkdənmi sizin işinizdir? Bu, ABŞ kimi güclü ordunun
işidirmi?", – İran İslam İnqilabı Keşikçiləri
Korpusunun (SEPAH) keçmiş baş komandanı Möhsün Rezai deyib.
Xamenei müharibə başlayandan ictimaiyyət qarşısına çıxmayıb, onun
səhhəti ilə bağlı müxtəlif ehtimallar səslənir.
ABŞ maliyyə təzyiqini artırır
Hərbi addımlar təhdidi ilə yanaşı, Vaşinqton Tehrana maliyyə
təzyiqini də artırır.
ABŞ Maliyyə Nazirliyi İranın neft nəqli infrastrukturunu hədəf
götürüb, 20-dən çox şəxsə, şirkətə və gəmiyə əlavə sanksiyalar
açıqlayıb.
Xəzinədarlığın məlumatına görə, sanksiyalar İranın neft daşımaları
maqnatı Məhəmməd Hüseyn Şamxaninin şəbəkəsini hədəf alır. O,
fevralın 28-də Tehrana ABŞ-İsrail zərbələri ilə öldürülmüş nüvə və
təhlükəsizlik siyasəti üzrə nüfuzlu fiqur Əli Şamxaninin
oğludur.
Digər yandan, Vaşinqton İran və Rusiya neftinin satışına verdiyi
möhləti uzatmayacağını bildirib.
Potensial sülh danışıqları ilə bağlı məlumatlarla bir arada
Pentaqon Yaxın Şərqə minlərlə əlavə hərbçi göndərir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.