ABŞ və İsrailin bombardmanı İranın hərbi qüvvələrinə ağır zərbə
vurub, rəhbərliyinin böyük hissəsini, kritik infrastrukturu məhv
edib.
Ancaq Tehran həftələrlə çəkən qarşıdurmada qalib gəldiyini düşünür.
İran teokratiyasının ayaqda qalması ölkədə qələbə kimi təqdim
olunur. Üstəlik, Hörmüz boğazına nəzarət kimi yeni və güclü bir
kozır da əldə edib.
Fevralın 28-də müharibə başlayandan İran boğazı faktiki bağlayıb.
Bu addım enerji bazarlarını sarsıdıb, qlobal iqtisadiyyatı alt-üst
edib, Tehrana yeni təsir imkanları verib. Dünyada neft və
mayeləşdirilmiş təbii qazın 20 faizi bu boğazla daşınır.
İranın qələbəyə yanaşması münaqişədə davranışına təsir göstərib, o,
böyük maddi itkilərə baxmayaraq, təslim olmaqdan imtina edib.
AzadlıqRadiosunun baş regional redaktoru Frud Bejan yazır ki, bu
inam özünü danışıqlar masasında da göstərir, İran müharibəni öz
şərtləri ilə bitirməyə çalışır.
"Bəzi məsələlərdə İran indi müharibədən öncə olduğundan
daha əlverişli vəziyyətdədir. İllərlə hədələdiyi kartı - Hörmüz
boğazını bağlamağı nəhayət oynadı və bu nəticə
verdi", – Yel Universitetində tədqiqatçı və müəllim
Araş Əzizi belə deyir. Onun sözlərinə görə, İran göstərdi ki,
qlobal ticarətə təsir edə, ABŞ-ni tərləməyə məcbur edə bilər:
"Həmçinin göstərdi ki, rejimə risk yaranmadan, cəmiyyət
çökmədən xarici hücumlara tab gətirir. Lakin İran həm də nəhəng
iqtisadi itkilərə məruz qalıb, ölkənin yenidənqurma işləri üçün
müharibənin dayandırılmasına və xarici yardıma ehtiyacı
var".
"Yeni təhlükəsizlik düzəni"
Ekspertlərin fikrincə, İranın məqsədi artıq sadəcə sağ çıxmaq
deyil, həm də bu təsir rıçaqları ilə beynəlxalq təcridini, onu
qlobal iqtisadiyyatdan təcrid edən sanksiyaları aradan
qaldırmaqdır.
Parlament sədri Məhəmməd Baqer Qalibafın baş müşaviri Mehdi
Məhəmmədi aprelin 7-də X platformasında yazıb ki, "İran müharibədə
açıq şəkildə qalib gəlib" və yalnız regionda "yeni təhlükəsizlik
düzəni" yaradan nəticəni qəbul edəcək.
İranın Ali Milli Təhlükəsizlik Şurası aprelin 8-də bildirib ki, ABŞ
ilə sülh danışıqlarında məqsəd Yaxın Şərqdə ölkənin gücünü və
liderliyini tanıyan "yeni təhlükəsizlik və siyasi tənliklər"
yaratmaqdır.
"İran bu böhran anını regional nizamı yenidən
formalaşdırmaq fürsəti kimi görür. Bu, onun regiona
inteqrasiyasına, digər ölkələrin onu böyük regional güc kimi
tanınmasına gətirib çıxara bilər. Yaxud Tehranın revizionist
siyasətindən asanlıqla geri çəkilməyəcəyini
göstərər", – Əzizi bildirir.
İran aprelin 11-də Pakistanda danışıqlardan öncə 10-bəndlik sülh
planı dərc etdi. Bu, Tehranın mövqeyinin sərtləşdiyini göstərirdi.
Danışıqlarda isə razılaşma əldə olunmadı.
Maddələrin çoxu maksimalist tələblər idi, Vaşinqton onları
qəbuledilməz sayılır. İranın Hörmüz boğazına nəzarətinin tanınması,
ABŞ-nin Yaxın Şərqdən on minlərlə əsgərini çıxarması, müharibə
zərərlərinə görə milyardlarla dollar təzminat ödənilməsi tələblər
sırasındadır.
"İran müharibəni qazandığını düşünür və danışıqlara
daha inamla gedir", – Corc Vaşinqton Universitetinin
professoru Sina Azodi belə deyir. Onun sözlərinə görə, İran döyüş
meydanında möhkəm dayanıb, İsrailin dərinliklərində həssas
hədəfləri vurub, ABŞ bazalarına və texnikasına zərər yetirib, Fars
körfəzindəki ABŞ müttəfiqlərinə ciddi iqtisadi təzyiq göstərib.
"İrana elə gəlir ki, danışıqlar masasında da eyni
möhkəmliyi göstərə bilər", – Azodi əlavə edib.
Aşırı inamlı davranmağın riski
Tehran və Vaşinqton aprelin 7-də ikihəftəlik müvəqqəti atəşkəsə
razılaşıb. Bundan öncə ABŞ prezidenti Donald Tramp "bu gecə bütöv
bir sivilizasiya məhv olacaq" xəbərdarlığını səsləndirmişdi.
Bu kövrək atəşkəsin Livanı əhatə edib-etməməsi ilə bağlı
mübahisələr, İranın Hörmüz boğazını açmaması, bunun ardından
ABŞ-nin boğazı blokadaya alması razılaşmaya təhdid yaradıb. Bu
arada tərəflər atəşkəsi uzatmaq, İslamabadda ikinci raund
danışıqlar keçirmək üçün dolayı təmasları davam etdirirlər.
Ekspertlərə görə, İran və ABŞ indiyədək danışıqlarda o qədər də
çevik davranmayıb.
ABŞ nümayəndə heyətinin rəhbərlik edən vitse-prezident Cey Di Vens
danışıqların iflasından sonra bildirib ki, "onlar bizim
şərtlərimizi qəbul etməməyi seçdilər". Bu da onun İran tərəfinə "ya
qəbul et, ya da rədd et" təklifi verdiyini göstərir.
Ekspertlərin fikrincə, zaman İranın xeyrinə işləyir, enerjinin
bahalanması və daxili-beynəlxalq təzyiq Trampı müharibəni bitirməsi
üçün təzyiq göstərir. Amma Tehran ABŞ-nin mövqeyini daha da
sərtləşdirmək, bahalı müharibəni uzatmaq riski ilə üzləşir.
"İran aşırı inamlı davranmaqla özünə böyük risk
yaradır", – Əzizi deyir. Xatırladır ki, 1979-cu il
İslam inqilabından bəri İran tarixində hakimiyyətin hərbi uğurları
diplomatik üstünlüyə çevirə bilmədiyi hallar çox olub.
Buna ən parlaq nümunə 1980-1988-ci illərdəki İran-İraq
müharibəsidir. 1986-cı ildə İran qüvvələri İraqın Fav yarımadasını
ələ keçirmişdi. Bu strateji ərazidən siyasi qazanc qarşılığında
faydalanmaq əvəzinə, İran bundan imtina etdi, 1988-ci ildə daha
əlverişsiz şərtlərlə atəşkəsə razılaşmağa məcbur oldu.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.