Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi mayın 17-də
Tehrandakı "Pars" xəstəxanasının koronar reanimasiya şöbəsindən evə
buraxılıb.
Məlumatı Nərgiz Məhəmmədinin fondu yayıb.
Məhəmmədi mayın əvvəlində paytaxt Tehrandan təxminən 330 kilometr
qərbdə yerləşən Zəncan həbsxanasından xəstəxanaya aparılmışdı.
Həmin vaxt qardaşı Həmidrza Məhəmmədi AzadlıqRadiosunun fars
xidmətinə onun "ölüm həddində" olduğunu bildirmişdi. Sonradan
ailəsi öz vəsaiti hesabına onu Tehranda xəstəxanaya köçürüb.
İranda qadın hüquqları uğrunda mübarizəsinə görə 2023-cü ildə Nobel
Sülh Mükafatı alan fəal son 10 ilin böyük hissəsini həbsxanalarda
keçirib. O, sonuncu dəfə 2025-ci ilin dekabrında Məşhəd şəhərində
keçirilən anım mərasimi zamanı yenidən nəzarətə götürülmüşdü.
"Anam xəstəxananın reanimasiya şöbəsindən buraxılsa da,
tam sağalması üçün həbsxana divarlarından kənarda ciddi tibbi
nəzarət lazımdır", – Məhəmmədinin qızı Kiana Rəhmani
bəyanatında bildirib.
"Onun yenidən zindana qaytarılması ölüm hökmünə
bərabərdir. Biz onun azadlıqda qalmasını, bütün əsassız
ittihamların birdəfəlik ləğv olunmasını təmin etməliyik. İnsan
hüquqları fəaliyyəti cinayət deyil və heç bir hüquq müdafiəçisi
buna görə cəzalandırılmamalıdır", – Rəhmani əlavə
edib.
12 may
112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb
edir
Müxtəlif sahələr üzrə 112 Nobel laureatı birgə bəyanat yayaraq
iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin dərhal və qeyd-şərtsiz
azadlığa buraxılmasını, ona qarşı irəli sürülən bütün ittihamların
ləğv olunmasını tələb edib. Məhəmmədi bugünlərdə Tehranda
xəstəxanaya yerləşdirilib.
Bəyanatda "Nərgiz Fondu" və digər mötəbər mənbələrə istinadən
Məhəmmədinin fiziki vəziyyətinin kritik həddə çatdığı bildirilir.
Hüquq müdafiəçisinin kəskin çəki itirdiyi, qan təzyiqinin
qeyri-sabit olduğu və ürəklə bağlı ağır simptomlardan əziyyət
çəkdiyi vurğulanır.
Nobel laureatları xəbərdarlıq edir ki, Məhəmmədinin həyatı birbaşa
təhlükə altındadır. Onlar hüquq müdafiəçisinin aylardır peşəkar
tibbi xidmət ala bilmədiyini xüsusi qeyd edirlər.
"Heç kim dinc etiraz və ya insan hüquqlarını müdafiə
etdiyinə görə həbs olunmamalıdır", — deyə 1997-ci il
Nobel Sülh Mükafatı laureatı Codi Uilyams bildirib.
Bəyanat müəllifləri İran hakimiyyətini və beynəlxalq birliyi
Məhəmmədinin azadlığa buraxılması, eləcə də onun təxirəsalınmaz
tibbi yardımla təmin edilməsi üçün təcili addımlar atmağa
çağırırlar.
11 may
Nərgiz Məhəmmədi Tehranda xəstəxanaya köçürülüb
İranda həbsdə olan Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi
Tehranda xəstəxanaya köçürülüb. Onun fondu mayın 10-da bildirib ki,
sərt həbsxana şəraitinə görə o, "ölüm həddinə yaxın"
vəziyyətdədir.
Fondun məlumatına əsasən, böyük məbləğdə girov qarşılığında
Məhəmmədinin cəzasının icrası müvəqqəti dayandırılıb.
54 yaşlı Məhəmmədi əvvəllər həbsdə saxlanıldığı Zəncan şəhərindəki
xəstəxanada müalicə alırdı. Onun vəkili Mustafa Nili bildirib ki,
hazırda Tehrandakı "Pars" xəstəxanasında olan aktivist şəxsi həkim
heyətinin nəzarəti altında müalicəsini davam etdirir.
Məhəmmədinin Parisdəki əri Tağı Rəhmani onun vəziyyətini kritik
olaraq qiymətləndirib. Onun sözlərinə görə, hazırda Məhəmmədinin
təzyiqi kəskin düşüb və o, danışmaqda çətinlik çəkir.
Mayın 2-də qardaşı Həmidrza Məhəmmədi AzadlıqRadiosunun fars
xidmətinə açıqlamasında bildirib ki, o, "ölüm həddindədir": "O
ölür. Həbsxanadakı sərt şərait və ona vurulan zərər onu ölüm
həddinə çatdırıb. Nərgizin və bütün məhbusların həyatı ilə bağlı
məsuliyyət birbaşa məhkəmə hakimiyyətinin və təhlükəsizlik
aparatının üzərinə düşür".
Hüquq müdafiəçisi N.Məhəmmədi İranda qadın hüquqları uğrunda
mübarizəsinə görə 2024-cü il Nobel Sülh Mükafatına layiq görülüb.
O, fəaliyyətinə görə son 10 ilin böyük hissəsini həbsdə keçirib və
2025-ci ilin dekabrında Məşhəddə bir anım mərasimində yenidən
saxlanılıb. Həbsindən sonra ona əlavə 7 il yarım həbs cəzası
kəsilib.
5 may
BMT İranı həbsdəki Nobel laureatını xilas etməyə
çağırır
BMT-nin baş katibi Antonio Quterreş İranda həbsdə olan Nobel Sülh
Mükafatı laureatı Nərgiz Məhəmmədinin səhhətinin ağırlaşması ilə
bağlı xəbərlərdən narahatlığını bildirib.
Quterreşin sözçüsü Stefan Düjarrik mayın 4-də jurnalistlərə
açıqlamasında baş katibin N.Məhəmmədinin səhhətindən "dərin
narahatlıq" keçirdiyini bildirib. O, İran hakimiyyətini fəala
mövcud sağlamlıq vəziyyətinin tələb etdiyi təcili tibbi yardımı
göstərməyə çağırıb.
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts da mayın 5-də X sosial
şəbəkəsində bu barədə paylaşım edib. O, Məhəmmədinin həbsdə olduğu
müddətdə "rejimin qadınlara və siyasi rəqiblərə qarşı zorakılığı
barədə həqiqəti danışdığına görə" pis rəftara məruz qaldığını
vurğulayıb və Tehranı ona təcili tibbi yardım göstərməyə
çağırıb.
N.Məhəmmədi Fondu mayın 1-də bildirib ki, insan haqları fəalının
səhhəti kəskin pisləşdiyindən təcili olaraq Zəncan şəhərindəki
xəstəxanaya köçürülüb. Fondun məlumatına görə, o, iki dəfə huşunu
itirib, ağır ürəktutması keçirib və vəziyyəti son dərəcə
kritikdir.
Qardaşı Həmidrza Məhəmmədi mayın 2-də AzadlıqRadiosunun fars
xidmətinə açıqlamasında deyib ki, ailə üzvləri onu xəstəxananın
reanimasiya şöbəsində görüblər. Onun sözlərinə görə, Məhəmmədinin
vəziyyəti ağır olaraq qalır və o, süni tənəffüs aparatı vasitəsilə
nəfəs alır.
16 aprel
Ailəsi İran həbsxanasında Nərgiz Məhəmmədinin həyatına təhlükə
olduğunu deyir
İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi
ötən ay infarkt keçirəndən sonra ağır vəziyyətdədir. Bunu onun
ailəsi və tərəfdarları bildirir.
Məhəmmədinin İranda yaşayan ailəsinə və vəkillərinə aprelin 11-də
həbsxanada onunla ikinci dəfə üzbəüz görüşməsinə icazə verilib.
Onun fondu açıqlamasında bildirir ki, görüş zamanı "ümumi durumunda
pisləşmə açıq görünüb, fiziki durumu kritik qiymətləndirilib".
Yaxınları son ziyarət zamanı Məhəmmədinin fiziki baxımdan ciddi
zəiflədiyini, həddindən artıq halsız olduğunu, xeyli çəki
itirdiyini müşahidə ediblər.
Qardaşı Həmidrza Məhəmmədi bildirib ki, o, zorakı cinayətkarlarla
birlikdə saxlanılır, digər məhbuslardan ölüm təhdidləri alıb.
Məhəmmədi uzunmüddətli insan haqları fəaliyyətinə görə 2023-cü ildə
Nobel Sülh Mükafatına layiq görülüb. O, dekabrda Məşhəddə həbs
olunub, daha sonra Zəncan həbsxanasına köçürülüb, ailəsi ilə
əlaqəsi məhdudlaşdırılıb.
Saxlanma şəraiti, son aclıq aksiyası, İranda siyasi gərginlik
narahatlıqları daha da artırıb.
Tərəfdarları xəbərdarlıq edirlər ki, onun həbsdə qalması həyatına
birbaşa təhdid yaradır, bunun nəticəsini dəyişmək mümkün olmaya
bilər.
1 aprel
Görüş zamanı solğun, zəif görünür
İranlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin həbsxanada
səhhəti xeyli pisləşib. Bu barədə onun əri Tağı Rəhmani açıqlama
verib. O, aprelin 1-də Parisdən telefonla AzadlıqRadiosunun fars
xidmətinə danışıb.
Məhəmmədi hazırda Zəncan həbsxanasında saxlanılır. Rəhmani deyib
ki, onun həbsxanadan kənarda ixtisaslaşmış tibbi yardıma ehtiyacı
var, amma hakimiyyət onu buraxmır. Ərinin sözlərinə görə, Məhəmmədi
ağciyər və ürək problemlərindən əziyyət çəkir, güclü başağrısı,
ürəkbulanma, göz problemləri yaşayır.
Martın 31-də "Nərgizi Azad Et" Koalisiyası fəalın vəziyyəti və
müstəqil tibbi yardımdan məhrum edilməsi ilə bağlı ciddi narahatlıq
bildirib. Məlumata görə, Məhəmmədinin hüququnu müdafiə edən komanda
onun bir ailə üzvü ilə birlikdə martın 29-da Zəncanda fəalla
görüşüb. Bu görüşdən ötrü həftələrlə müraciətlər edilib.
Məhəmmədinin ümumi səhhətinin çox ağır olduğu deyilir. Onu görüş
otağına həbsxananın tibb bacısı gətirib, solğun, zəif və xeyli
arıqlamış kimi görünüb. Rəhmani bildirib ki, xanımı 2025-ci ilin
dekabrında Məşhəddə həbs olunandan səhhətində problemlər var. Onun
sözlərinə görə, Məhəmmədi saxlanılarkən təhlükəsizlik qüvvələri onu
döyüb, zorakılıq nəticəsində bədənində uzun müddət göyərtilər
qalıb.
"Amnesty International" insan haqları qurumu isə martın 24-də
məlumatlı mənbəyə istinadla xəbər verib ki, Məhəmmədi Zəncanda
huşsuz vəziyyətdə, əl-ayağı soyumuş, keyləşmiş və gözləri çevrilmiş
halda tapılıb. Həbsxana həkimi onun ürəktutması keçirdiyini ehtimal
edib. Amma rəsmilər onu xəstəxanaya köçürməkdən imtina ediblər.
Londonda yerləşən qurum fəalın təcili tibbi yardım alması üçün
dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.