Acarıstan və Quriyada qanunsuz fəaliyyət göstərən 22 valyutadəyişmə məntəqəsi aşkarlanıb
14:48 / 17.07.2026
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları
Acarıstan və Quriya bölgələrində qanunsuz fəaliyyət göstərən 22
valyutadəyişmə məntəqəsi aşkarlayıblar.
İstintaqla müəyyən edilib ki, sözügedən məntəqələr qanunvericiliyin
tələblərinə uyğun olmayan şəraitdə qurulub və Gürcüstan Milli
Bankının icazəsi olmadan fəaliyyət göstərib.
Genişmiqyaslı tədbirlər çərçivəsində, məhkəmə qərarı əsasında eyni
vaxtda 22 ünvanda axtarış aparılıb. Hüquq-mühafizə orqanlarının
əməkdaşları xüsusilə külli miqdarda Gürcüstan
və xarici valyuta,
kompüter avadanlıqları və konvertasiya üçün zəruri olan inventarlar
müsadirə ediblər. Müsadirə edilən valyutanın ümumi dəyəri 500 000
laridən çoxdur.
Hazırda cinayətdə iştirakı olan şəxslərin müəyyən edilməsi
məqsədilə intensiv istintaq tədbirləri davam etdirilir.
Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin ikinci
hissəsinin "a" bəndi ilə (qanunsuz sahibkarlıq fəaliyyəti)
aparılır. Bu maddə cəza növü olaraq 3 ildən 5 ilədək müddətə
azadlıqdan məhrumetməni nəzərdə tutur.