Xəbərlər
Knyazın yeni ürəklə bir ili
Knyaz Əliyev Qardabani sakinidir. O, 2018-ci ildə ürək çatışmazlığından əziyyət çəkirdi. Həkimlər ona təcili ürək köçürülməsinə ehtiyac olduğunu bildirirdilər. Belə əməliyyatın Gürcüstanda mümkün olmamasına görə Knyaz Belarusun Minsk şəhərinə getməli idi.
Onun ailəsinin imkanlarının olmaması xarici ölkədə bahalı əməliyyatın həyata keçirilməsinə mane olurdu. Knyazın dostları və qohumları onun vəziyyətinə biganə qalmayaraq sosial şəbəkə üzərindən xalqa müraciət etdilər.

Beləliklə onun əməliyyat olunması üçün gənclər tərəfindən yardım aksiyaları keçirildi. Yaşından və peşəsindən asılı olmayaraq, tanınmış siyasətçilər də daxil olmaqla, hər kəs onu həyata qaytarmaq üçün həmrəy oldu. Lazımi məbləğin yığılması ilə Knyaz Əliyev 19 fevral tarixində əməliyyat olundu.

Artıq Knyaz Əliyevin əməliyyatından 1 il keçib. İndi o, bədənində yeni ürək daşıyır. Knyazı tanıyanlar ondan xəbərsiz qalmışdılar, onun səhhətinin yaxşı olub-olmaması hər kəsə maraqlı idi. “Marneuli” radiosuna müsahibə verən Knyaz əməliyyatdan sonra səhhəti barədə ətraflı şəkildə danışdı.

Şükür Allaha yaxşıyam, hər şey yaxşıdır, əməliyyatdan sonra daha yaxşı oldum. Həkimlərlə danışdıqdan sonra həkim razılıq vermədi çünki, televizor qarşısında, heç bir verilişə çıxmadığıma görə stress, həyəcan olmazdı. Çox sağolsun millətimiz, hər kəs köməkdarlıq etdi, əlindən gələni etdi. Mənə çölə çıxmaq, insanlarla ünsiyyətə keçmək olmazdı qışı demək olar ki, mən evdə keçirmişəm. Çölə çıxmaq olmazdı, xəstəxanaya gedəndə maska ilə gedirdim. Əməliyyatdan öncə içində bir hiss doğur, hiss edirsən ki, yaşayacaqsan. Mən heç ümidsizliyə qapılmadım, heç ümidimi itirmədim 10 günün içində baş verdi hər şey yaxşı oldu şükür Allaha. Əməliyyatdan sonra dünya malına çox bağlanmamağı öyrəndim, hər an hər şey ola bilər - Knyaz Əliyev deyir

Knyaz 1 il əvvəli xatırladı. Onun sözlərinə görə, əməliyyatdan əvvəl bir gün belə olsun həyata olan ümidini itirməyib. O, indi özünü yaxşı hiss edir və hər ay davamlı şəkildə həkim müayinəsindən keçir. O, bildirdi ki, əməliyyat olunmasında ən böyük mənəvi dəstəkçisi anası olub.

Knyaz onu da qeyd etdi ki, həyatda olmasının əsas səbəbkarı onun xalqıdır. O, səhhəti ilə bağlı hamını məlumatsız qoymasının səbəbi haqqında da danışdı və bildirdi ki, ona həyəcanlanmaq olmaz, həkimlər ona canlı efirlərə çıxmağa qadağa qoyub. Belə olduğu halda heç kimə səhhəti ilə bağlı məlumat verə bilməyib.

"Marneuli" Radiosu

Müəlliflər: Pərvin Hacıyeva

Amil Məmmədov
| Print |
თეგები: Marneulifm Marneuli Knyaz Əliyev