Marneuli meriyası 353 itin sığınacağa aparılmasına 42 360 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi 2021-ci il ərzində bələdiyyə ərazisindəki sahibsiz itlərin sığınacağa aparılması xidməti üçün 42 360 lari xərcləməyi planlaşdırır.

Marneuli meriyası itlərin sığınacağa aparılması üçün tenderi 24 fevral tarixində elan edib. Tender sənədlərinə görə, qalib şirkət bələdiyyə ərazisində bir il ərzində 353 it tutmalı olacaq. Onları sığınacağa aparacaq və müayinədən sonra sterilizasiya, axtalama, peyvənd və digər baytar xidmətləri göstərəcək. Şirkət qeyd olunan proseduraların aparılmasından sonra qeydiyyatdan keçmiş itləri yenidən həmin itləri tutduğu məkana, yəni Marneuli bələdiyyəsinə qaytarmalı olacaq.

İllərdir ki, yerli özünüidarə bu kimi tenderlər elan edir. Ancaq xərclənən pulun miqdarı heç vaxt 21 000 laridən artıq olmayıb. 2021-ci ildə də həmin miqdarda pul xərclənməsi planlaşdırılırdı. Sonuncu – 2020-ci ilin 15 dekabrında elan edilmiş tender də bunu göstərir. Həmin tender 2021-ci ildə həyata keçiriləcək işlər üçün elan edilmişdi, ancaq həmin tender baş tutmamışdı.

Tenderdə yalnız bir şirkət iştirak edib. Meriya ona bir neçə səbəbə görə tenderdən kənarlaşdırıb. Səbəblər arasında baytarlıq ixtisasını təsdiq edən sənədin təqdim olunmaması da var.

"Marneuli" Radiosu
Print