Marneulidə ət satılan obyektlər cərimələnib
Qida Təhlükəsizliyi Agentliyi Marneuli bələdiyyəsində yoxlanılmış 27 obyektdən 14-də pozuntu aşkar edib və biznesoperatorları cərimələyib. Qida Təhlükəsizliyi Agentliyinin Kvemo Kartli Regional İdarəsinin rəhbəri Miranqula Liparteliani “Marneuli” radiosu ilə müsahibəsi zamanı bildirdi ki, yoxlama aparılmış obyektlərdən üçündə ciddi uyğunsuzluqlar aşkarlanıb və obyektlərin işləmək hüququ dayandırılıb. Marneulidə obyektlərdə yoxlama 7 aprel tarixində həyata keçirilib.

“İndiki mərhələdə bizim üçün prioritet olan ət mağazalarıdır. Çünki ət yüksək risk daşıyan qidalara məxsusdur. 27 obyektdən 14-də müxtəlif tipli pozuntular aşkarlandı. 2 saylı formanın olmaması kimi pozuntular var idi. Bu deməkdir ki, sallaqxanada kəsilməyib və bazara nəzarətdən kənar çıxarılıb. Temperatur rejiminin pozulması, iqtisadi fəaliyyətin qeydiyyatdan keçirilməməsi halları da var idi. Müvafiq olaraq cərimə sanksiyaları həyata keçirildi. Üç halda elə pozuntu aşkarlandı ki, obyektin fəaliyyəti dayandırıldı. Onlar agentliyin verdiyi tövsiyələrə əməl edənə kimi fəaliyyətləri dayandırılmış olacaq. İki ət mağazası və bir çörəkxana bağlandı”, – Miranqula Liparteliani bildirdi.

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə bərabər “Ümumi nəzarət”-in aparıcısı Madonna Koidze də yoxlamada iştirak edib. O, Marneulidə, 26 may küçəsində yerləşən çörəkxanalardan birini birbaşa efir vasitəsilə göstərib. Həmin obyekt bağlananlar arasındadır.

Qida Təhlükəsizliyi Agentliyindən bildirirlər ki, biznes operatorlara müxtəlif həcmdə cərimələr təyin olunub. Ancaq cərimənin maksimum dəyəri 1000 lari olub. Agentliyin məlumatına görə yoxlamalar davam edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google