Gürcüstan XİN başçısı: “Azərbaycan və Ermənistanla üçlü formatda işləməyə hazırıq”
“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”.

Bunu Antalya Diplomatiya Forumunun Cənubi Qafqaz: “Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edən Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

O, bildirib ki, bölgə ölkələri xarici təhlükəsizlik çağırışları ilə əlaqədar dinamik şəkildə dəyişən mühitə adaptasiya olmalı və ona sürətli reaksiya verməlidir: “Bu çox unikal regiondur və onun geosiyasi, geostrateji əhəmiyyətli infrastruktur layihələrini inkişaf etdirmək üçün nəhəng imkanları var. Regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan üçün və inanıram ki, bizim qonşu ölkələr üçün prioritetdir. Bizim Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ), Bakı-Tbilisi-Qars (BTQ), Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu əməkdaşlığın praktiki nümayişidir. Ona görə də, biz regionda digərlərinə, erməni həmkarlarımıza da mesaj göndəririk ki, Gürcüstan, Azərbaycan və Ermənistan üçlü formatda işləməyə hazırıq... İqtisadi əhəmiyyətli layihələr olmadan regionda sabitlik yoxdur. Sabitlik olmadan inkişaf və rifah yoxdur”.

David Zalkaliani vurğulayıb ki, Gürcüstan öz resurslarının məhdud olduğunun fərqindədir, lakin, onun Azərbaycan və Ermənistan arasında əldə edilən sonuncu razılaşmada oynadığı rol gələcəkdə daha yaxşı nəticələrin əldə edilməsi baxımından ümid yaradır.

O, əlavə edib ki, bu razılaşma üçtərəfli əməkdaşlıq baxımından yaxşı başlanğıcdır. XİN başçısı trio formatında əməkdaşlığın Ermənistanda keçirilən parlament seçkilərindən sonra da davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google