"Gürcü Arzusu"-nun Marneuli meri vəzifəsinə namizədi seçkiqabağı görüşləri sosial mediada necə təqdim edir
“Gürcü Arzusu” 10 avqust tarixində Kənan Ömərovu rəsmi şəkildə Marneuli meri vəzifəsinə namizəd olaraq elan etdi.

Namizədlərin elan edilməsi prosesində Baş nazir İrakli Qaribaşvili bildirdi ki, onların birinci tapşırığı və məqsədi maksimum dərəcədə diqqət, əhali ilə ünsiyyət olmalıdır.

Ömərov 19 avqust tarixindən seçkiqabağı görüşlərə başlayıb. Görüşlər barədə məlumatı onun rəsmi “Facebook” səhifəsindən götürmüşük. Çünki Kənan Ömərovun növbəti görüşlərinin harada keçiriləcəyi “Marneuli” radiosuna məlum deyil. Mer vəzifəsinə namizəd bizimlə müsahibədən də imtina edir və xahiş edir ki, ona sualları yazılı şəkildə göndərək. Müvafiq olaraq bizə həmin sualların cavabı da yalnız yazılı şəkildə gələcək.

“Bələdiyyəyə strateji inkişaf planı lazımdır və bütün başlanılmış işlər, geniş miqyaslı infrastruktur layihələri tamamilə başa çatmalıdır. Biz Marneulinin sabahkı gününü əhali ilə birlikdə planlaşdırmalıyıq!” – Ömərov bu çıxışı 19 avqust tarixində, Marneuli Kitabxanasının qarşısında keçirilmiş görüşdə edib.

Ömərovun “Facebook” səhifəsində paylaşılan məlumatlardan aydın olur ki, ilk seçkiqabağı görüşü zamanı “Gürcü Arzusu”-nun mer vəzifəsinə namizədi Marneulinin majoritar deputatlığa namizədlərini təqdim edib. Hər görüşdən sonra yayımlanmış materialda isə oxuyuruq ki, mer vəzifəsinə namizəd görüşdə iştirak edən vətəndaşlarla birlikdə yerli icma problemlərini müzakirə edib. Onların yayımladığı məlumatda vətəndaşların “Gürcü Arzusu” –nun Marneuli meri vəzifəsinə namizədi ilə görüş zamanı hansı əsas problemləri qeyd etdiyi yazılmayıb.

“Yerli sakinlər mənimlə söhbətləri zamanı razılıqlarını bildirdilər və gələcəkdə kənddə həyata keçiriləcək layihələrdən danışdılar. Mən onlara vəd verdim ki, bələdiyyədə aparılan bütün işlər tam başa çatdırılacaq, gələcəkdə isə daha geniş miqyaslı layihələr həyata keçirəcəyik”,
– Ömərov bu bəyanatı 21 avqust tarixində, Maradisi kəndində keçirilmiş görüşdə verib.

Qeyd edək ki, Ömərovun rəsmi “Facebook” səhifəsində yayımladığı materiallarda, əksər hallarda, Marneulidə son illərdə həyata keçirilmiş və indi həyata keçirilən infrastruktur layihələri vurğulanır.

Ömərovun seçkiqabağı kampaniya çərçivəsində indiki mərhələdə son görüşü biznes sektorun nümayəndələri ilə baş tutub. Ömərov “Facebook” səhifəsində 5 sentyabr tarixində məlumat paylaşıb. O, bundan sonra seçkiqabağı görüş keçirməyib. Namizəd “Marneuli” radiosu ilə ünsiyyət qurmağa isə yalnız yazılı formatda üstünlük verir.

"Marneuli" Radiosu
Print