Yerli özünüidarə seçkilərinə 17 gün qalıb. Marneuli meri vəzifəsi
uğrunda üç namizəd – “Avropalı Gürcüstan” partiyasından Əhməd
İmamquliyev, “Gürcü Arzusu” partiyasından Kənan Ömərov, “Milli
Hərəkat” partiyasından isə Eldar Mustafayev mübarizə aparacaqlar.
Üç namizəddən yalnız Eldar Mustafayevin indiki mərhələdə
seçkiqabağı proqramı var. “Avropalı Gürcüstan”-ın mer vəzifəsinə
namizədi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu
seçkilər üçün proqram hazırlamayıb. Çünki bu seçkilərin əsas
məqsədi “Gürcü Arzusu”-nu məğlub etməkdir. “Gürcü Arzusu”-nun mer
vəzifəsinə namizədinin seçkiqabağı proqramı ilə bağlı isə
partiyadan vəd verdilər ki, proqramı göndərəcəklər, ancaq nə zaman
göndəriləcəyi məlum deyil.
“Əziz Mareulilər, ilk növbədə, istəyirəm qeyri-bərabər
mübarizədə bizə dəstək olduğunuz üçün sizə minnətdarlığımı
bildirim. Mən öz komandamla birlikdə daim sizin xidmətinizdə olacaq
və Marneulinin firavanlığının qeydinə birlikdə qalacağıq.
İqtisadiyyat Nazirliyi ilə sizin vasitəçiniz olacağam ki, Marneuli
bələdiyyəsində hər bir kəndlinin istifadəsində olan kənd
təsərrüfatı təyinatlı torpaqlar onların əmlakına keçirilsin; İçməli
və suvarma suyu, bütün kəndlərdə və bütün küçələrdə asfalt qatının
çəkilməsi, bütün küçələrin işıqlandırılması, təbii qaz problemləri
həll olunacaq”, – “Milli Hərəkat”-ın Marneuli meri
vəzifəsinə namizədinin proqramında qeyd olunub.
Eldar Mustafayev, həmçinin, Marneuli sakinlərinə vəd verib ki,
turizm potensialı inkişaf etdiriləcək, mədəniyyət və idman
sahəsində dəstək, evsiz, aztəminatlı ailələrə yaşayış sahələri
veriləcək. Mustafayev seçicilərə vəd verir ki, bürokratik xərclər
azaldılacaq, yığılmış pul ehtiyaclı ailələrə xərclənəcək, bundan
əlavə partiya maraqları başa çatacaq və gənclərin perspektivli
gələcəyi olacaq. Onların hər birinə dövlət xidmətlərində işləmək və
öz ölkəsinə xidmət göstərmək imkanı veriləcək.
Mustafayev seçkiqabağı proqramında xüsusi ilə qeyd edib ki, yerli
özünüidarə seçkiləri referendum günüdür. Həmin gün vətəndaşlar
müxalifət və “Gürcü Arzusu” arasında mühüm seçim edəcəklər.
“Avropalı Gürcüstan”-ın Marneuli meri vəzifəsinə namizədinin
seçkiqabağı vədinə gəldikdə isə, Əhməd İmamquliyevin yayımladığı
bukletdə oxuyuruq ki, Marneulilər ona etimad etməklə peşəkar,
mübarizə bacarığına malik olan vasitəçi seçmiş olacaqlar.
“Əhməd İmaquliyev – “Avropalı Gürcüstan”-ın Marneuli meri
vəzifəsinə namizədi məhz həmin liderdir ki, Marneulinin
problemlərini bilir və Marneuli əhalisinin etimadına layiqdir. Ona
dəstək olmaq Marneulinin tam potensialına sahib olmaq deməkdir.
“Avropalı Gürcüstan”-a verilmiş hər bir səs və bizim namizədin
qalib gəlməsi vergilərin aşağı olmasına, ədalətə, balanslı
hakimiyyətə və azad dünyaya üzvlüyə dəstək olmaqdır”,
– Əhməd İmamquliyevin yayımladığı broşürdə qeyd
olunub.
Gürcüstanda yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində
keçiriləcək. Marneuli miqyasında ümumilikdə 90 seçki məntəqəsi
açılacaq. Seçkilərə gedən vətəndaşlara üç bülleten veriləcək və
onun vasitəsi ilə Marneuli meri, Bələdiyyə Məclisi deputatı və
Bələdiyyə Məclisinə proporsional siyahı ilə daxil olacaq partiyanı
seçəcəklər.