Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili oktyabrda
keçiriləcək yerli özünüidarəetmə seçkilərinə qədər vətəninə
qayıdacaq.
Bu barədə sabiq prezident özünün “Facebook” səhifəsindəki
müraciətində bildirib.
O, Gürcüstanda hakimiyyət dəyişikliyi üçün tərəfdarlarını daha
aktiv olmağa çağırıb:
“Əlbəttə mən geri qayıdacağam,
lakin əgər gürcü xalqı aktiv olmasa nəyisə dəyişdirə bilməyəcəyəm.
Bütün bunların öz məntiqi var. Ona görə də bizim fəaliyyətə keçmək
üçün bir neçə günümüz qalır”, - deyə M. Saakaşvili
qeyd edib.
O, hakim “Gürcü arzusu” partiyasının oktyabrın 2-də keçiriləcək
yerli özünüidarəetmə seçkilərində məğlub olacağına, bundan sonra
ölkədə erkən parlament seçkiləri keçiriləcəyinə və hakimiyyətin
dəyişəcəyinə inandığını vurğulayıb.
Xatırladaq ki, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə
Komitəsinin sədri vəzifəsində çalışan M. Saakaşvilinin Gürcüstan
vətəndaşlığı ləğv edilib və ona qarşı vəzifədən sui-istifadə
maddəsi ilə başlanan cinayət işi üzrə həbs edilməsi barədə məhkəmə
qərarı var. Gürcüstanın hakimiyyət nümayəndələri ölkəyə qayıdacağı
təqdirdə sabiq prezidentin hava limanından birbaşa həbsxanaya
aparılacağını bildiriblər.
Mənbə: apa.az